“Qarabağ”ın çempionluq bayramı ləğv olundu

21 May 2015 11:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda Qol.Az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

O, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verdiklərini bildirib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"a yalnız çempionluq kuboku və qızıl medal, "İnter"ə isə gümüş medal təqdim olunacaq. Bu zaman hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq.

Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Qeyd edək ki, "İnter" – "Qarabağ" oyunu sabah saat 20.00-da "İnter Arena"da başlanacaq.