İki kriminal qruplaşma açıq müharibəyə başlayır

12 Oktyabr 2012 20:21 (UTC+04:00)
Kriminal aləmin iki məşhur siması, azərbaycanlı "qanuni oğrular" - Rövşən Caniyev ("Rövşən Lənkəranski") ilə Nadir Səlifov ("Lotu Quli" ) arasında olan düşmənçilik münasibətləri bir qədər də dərinləşib. İş o həddə çatıb ki, bu şəxslərdən birindən "oğru" adının alınması müzakirə mövzusuna çevrilib. Bunun üçün "oğruların" adamları bir-birini həm fiziki olaraq, həm də nüfuz baxımından zəiflətmək üçün bütün addımları atırlar. Hətta niyyətlərinə çatmaqdan ötrü mətbuat vasitələrindən də istifadə etmələri gələn xəbərlər içərisindədir.

Vəziyyətin pik həddə çatması, ümumilikdə "oğru aləmini" narahat edir. Elə buna görədir ki, bu gün Rusiya cinayət "aləminin" tanınmış simaları ayrıca bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:

"Bizim evimiz dünya və orada yaşayan bütün ləyaqətli insanlara!
Oğru dünyası və onun şərəfi naminə biz aşağı dərəcəli oğrular sizə bildirmək istəyirik ki, bizim qardaşımız Rövşəni hörmətdən salmaq üçün Bakıda şayiələr dolaşdığı barədə xəbərlər qulağımıza çatır. Bizim həyatımızın dəyişməz qanunlarını başa düşməyən və ya başa düşmək istəməyən insanlara çatdırmaq istəyirik ki, oğrunun şərəfinə ya camaat arasında, ya da düz üzünə deməklə toxunmaq olar. Qalan bütün cəhdlər bizim üçün qəbuledilməzdir. Ümid edirik ki, bizim həyatımızı yaşayan istənilən məhbus bunu başa düşür və başa düşməyənlər də başa salınacaq!"


Bəyanatı aşağıdakı şəxslər imzalayıb: Qivi Qerbaladce, Tomas Korşunadce, Antimos, Amiran, Zura, Çinçixiliya, Merab Baaxiya, Merab Canqveladce, Vadim Beliy, Timoxa Qomelski, Seryoqa Vetlaq, Mateviç, Mamuka Mikeladce, Camal Mikeladce, İrakli Qutu, İka Pipiya, Levan Qiyasvan, Roma Kürd, Laşa Suxumski, Koba Baqdadski, Timu Çripa, Alik Tbiliski.

Qeyd edək ki, "Lotu Quli" ilə "Rövşən Lənkəranski" Moskvada göyərti topdansatış bazarını ələ keçirmək uğrunda mübarizə aparırlar. Onlar ayda 500 min dollar gəlir gətirən bu topdansatış bazarına nəzarəti ələ keçirməyə can atırlar.
Xeyli müddətdir gedən bu mübarizə azərbaycanlı avtoritetləri iki cəbhəyə parçalayıb.

Son vaxtlar Moskvada öldürülən kriminal aləmin nümayəndələri və iş adamları məhz bu şəxslərin tərəfdarlarıdır və qarşılıqlı olaraq onların sifarişləri ilə qətlə yetiriliblər.

Azər Azəri,
Sadiq Musa
AzNews.az