Hakimlərin Seçki Komitəsinə yeni sədr seçildi

21 May 2015 13:52 (UTC+04:00)
Bu barədə Trend-ə Komitədən verilən məlumatda bildirilir.

Məlumatd qeyd olunur ki, Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə Şuranın aparatı, ədliyyə, prokurorluq, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkədə müstəqil məhkəmə sisteminin yaradılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı əldə edilmiş mühüm nailiyyətləri vurğulayıb.

Hakimlərin Seçki Komitəsinin fəaliyyət göstərdiyi 10 il ərzində hakimliyə namizədlərin Avropada mövcud olan ən şəffaf və obyektiv Qaydalarla seçimi və tədrisinin təşkili sahəsində yaradılmış müsbət təcrübə qeyd edilmiş, nüfuzlu hüquq təsisatları, o cümlədən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycanda hakimlərin seçimi prosesinin örnək kimi göstərilməsi, habelə Avropa Şurası və Avropa İttifaqı bu prosesi müsbət nümunə kimi digər üzv-dövlətlərə tövsiyə etməsi bildirilib.

Tədbirdə Prezident İlham Əliyevin Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətinə yüksək diqqət və qayğı göstərərək Şuranın və Komitənin işində fərqlənmiş şəxsləri fəxri ad və yüksək dövlət təltiflərinə layiq bilməsi dərin minnətdarlıqla vurğulanıb, bunun böyük məsuliyyət hissi yaratdığı, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığı bildirilib, ölkə başçısına sonsuz ehtiram ifadə olunub.

İclasın ikinci hissəsində Hakimlərin Seçki Komitəsi təşkilati məsələlərə baxıb, Komitə üzvləri tərəfindən Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib, hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlər müzakirə edilib.