“Onlar işdən azad ediləcək və ağır cəzalandırılacaq” – Siyavuş Novruzov

21 May 2015 13:58 (UTC+04:00)

Bu bəyanatdan sonra mediada cəzalanacaq şəxslərin içərisində bir neçə iri ranqlı məmurun da olacağı barədə məlumatlar yayılıb.

Azərbaycan Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da hesab edir ki, günahkarların cəzalanması qaçılmaz olacaq.

O, AzNews.az-a deyib ki, Prezidentin məmurlar qarşısında qoyduğu vəzifə ondan ibarətdir ki, hər bir insan xalq üçün, millət üçün işləməlidir: "Qurulan və yaradılan hər şey – parklar, yollar, körpülər, xəstəxanalar və məktəblər Azərbaycan vətəndaşı üçündür. İnsan bir vəzifəyə ona görə təyin olunur ki, vətəndaşlara və insanlara xidmət etsin. Bu baxımdan kim səhvlərə yol verəcəksə, vətəndaşa öz xidmətini göstərməyəcəksə, cəzalandırılacaq. O cümlədən qanunu pozan, qeyri-qanuni hallara yol verən hər bir məmur məsuliyyətə cəlb olunacaq və işindən azad ediləcək. Baş verən yanğın böyük faciəyə səbəb oldu, bu olay hamımızı sarsıtdı. Ölkə rəhbərliyi dərhal hadisəni nəzarətinə götürdü, lazımı tapşırıqlarını verdi. İndi həmin tapşırıqlar yerinə yetirilir. Tapşırıqlarından biri da və deyərdim ən əsası bu işdə günahı olanların tez bir zamanda müəyyənləşdirilməsi və cəzalandırılmasıdır".

Siyavuş Novruzov vurğulayıb ki, dövlət əmlakını və vəsaitlərini mənimsəyən, qanunsuz tikinti işləri aparan şəxslər barəsində də ölçü götürüləcək: "Qeyri-qanuni yollarla tikinti işlərinin aparılması, icazəsiz tikintilərə razılıq verilməsi, dövlət əmlakının və vəsaitlərinin mənimsənilməsi zamanı cinayət törədən şəxslər haqqında da ölçü götürüləcək. Cənab Prezidentimiz çox sərt danışıb, bütün aidiyyəti qurumlara xəbərdarlıq edib. Yəqin ki, yaxın günlərdə günahkarların cəzalanması prosesini izləyəcəyik".

Babək Göyüş
AzNews.az