Yəmən: Müharibənin günahını velosipedə minən qadınlarda görənlər
21 May 2015 17:14 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı blogger Mai Nomana istinadən yayıb.
Buşra Əl-Feysal gənc qadın fotoqrafçıdır.
O, Yəməndə müharibəyə görə yaranmış yanacaq qıtlığından çıxış yolunu velosipeddə tapıb.
"2011-ci ilin yanacaq böhranında benzini heç olmasa qara bazarda tapmaq mümkün idi, lakin indi vəziyyət o dərəcədə ağırdır kı, qara bazar tapmaq da mümkün deyil", - deyə Buşra bildirir.
Ötən həftə Əl-Feysal Facebook-da yəmənli qadın və qızları velosiped sürməyə çağıran "Velosipedə minək" adlı kampaniyaya başlayıb.
Qonşu Səudiyyə Ərəbistanından fərqli olaraq Yəməndə qadınlar avtomobil sürməyi bacarır və paytaxt Sanada avtomobil sürən qadınları görmək adi bir işdir.
Lakin yəmənli qadınların velosiped sürməsi burada görünməmiş iş sayılır - mühafizəkar yəmənlilərin çoxu velosiped sürən qadının bədəninin bir hissəsi göründüyündən qadının velosipedə minməsinə biədəb bir hərəkət kimi baxır.
"Hər yerdə velosiped sürən kişiləri görürəm, düşündüm ki, bəs biz niyə velosiped sürməyək ki? Bu ki, cinayət deyil, bunun üçün yalnız cəsarət tələb olunur", - deyə Əl-Feysal vurğulayır.
Facebook-da yəmənli qızın təşəbbüsünə yüzlərlə istifadəçi səs verdi, lakin vaxtı çatanda, mayın 16-da velosipedə minmək aksiyasına yalnız 15 qadın gəldi.
"Yəməndə qızların çoxu velosiped sürə bilmir, sürə bilənlərin çoxu isə ya qorxur, ya onlara valideynləri və ərləri icazə vermir", - deyə Əl-Feysal izah edir.
Tədbir azsaylı olsa da, velosiped sürən qızların fotosunun şəbəkədə yayılması yəmənli kişi istifadəçilər tərəfindən qəzəblə qarşılandı.
"Bu da müharibənin nəticəsi". Velosipedçi-qızların fotosu kişilər tərəfindən bu sözlərlə şərh olundu.
"Bu həqiqi foto deyil, fotoşopdur". Bir yəmənli kişi belə yazıb.
"Onlar qadın deyil, qadın libası geymiş kişilərdi". Başqa bir kişi onun səsinə səs verib.
"Mən aqressiv şərhləri gözləyirdim, lakin məni təəccübləndirən velosiped sürməyimizə inanmayanların şərhləri oldu", - deyə Əl-Feysal BBC Trending-ə deyib.
Yəməndə humanitar vəziyyət sürətlə pisləşdiyindən, nəinki 10 milyonluq yoxsul təbəqə, hətta nisbətən varlı təbəqənin də normal həyat tərzi pozulub.
Facebook-da yüzlərlə təhqirli şərh gəldikdən sonra Əl-Feysal "camaatın hirsi soyuyanadək" profilini dondurmaq gərarına gəldi.
Lakin indi yenidən online rejimə qayıdaraq, yeni velosiped kampaniyası təşkil etməyə çalışacağını deyir.
Onun sözlərinə görə, qəzəbli istifadəçilərlə yanaşı onun layihəsini dəstəkləyənlərin də sayı artmaqdadır.
"İnsanların təfəkkürü dəyişməlidir", - deyə Əl-Feysal bildirir: "Onlar qadına seksual obyekt kimi yanaşmamalıdırlar, yalnız bu zaman onlar qadının bütün hərəkətlərində seksuallıq axtarmağı tərgidəcəklər".