“Özümə gələ bilmirəm” - Sənətçilər faciədən danışdı

21 May 2015 17:59 (UTC+04:00)
Bu sualın cavabını tapmaq üçün AzNews.az bir neçə sənətçiyə müraciət edib.

Əməkdar artist Ədalət Şükürov: "Mənə elə gəlir ki, kimsə qıraqdan yardım eləsə, düzgün olmaz. Dövlət özünü belə işlərdə göstərməlidir. Bizim cənab prezident sərəncam verib, dövlət hərtərəfli yardım göstərəcək. Müğənnilərə, yaxud da kənardan dəstəyə ehtiyac düzgün alınmır. Bu dövlətin zəifliyini göstərə bilər. Cənab prezident dedi ki, yas mərasimlərindən tutmuş binanın təmirinədək dövlət edəcək".

Xalq artisti Məleykə Əsədova: "Düzü o hadisə mənə çox pis təsir edib. Hətta binaya da gedib baxmışam. Amma hazırda rayondayam, ancaq dualar edirəm. Çox istəyərdim ki, onlara yardım edəm".

Əməkdar artist Baloğlan Əşrəfov: "Binanın yanma xəbərini eşidən kimi sarsıldım. Bu gün isə hadisə yerinə getdim. Şəhidlərin xatirəsini adamlarla birlikdə yad etdim. Bir saata kimi orada qaldım. Kimi şam yandırırdı, kimi də yerə qərənfil düzürdü. Gözlərim doldu, hamı gördü ki, mən necə pis oldum. Amma xəsarət alanların yanına getməmişəm. Çünki mən bilmirəm ki, xəsarət alanlar hansı xəstəxanadadır".

Mətanət İsgəndərli: "Faciəyə çox üzüldüm, hələ də özümə gələ bilməmişəm. Amma xaricdə olduğum üçün binada xəsarət alanlara, ölənlərin ailələrinə yardım edə bilməmişəm. Gələn kimi mütləq onlarla görüşəcəm. Birdə belə bir fond yaradılıbsa, desinlər, uzaqdan da olsa yardım edərəm".

Nadir Qafarzadə: "Faciəni eşidən kimi yaralıların aparıldığı xəstəxanalara baş çəkdim, xəstələrlə görüşdüm. Bu bizim hər birimizin faciəsidir".

Mətanət Əsədova: "Faciədə xəsarət alanlara baş çəkməmişəm. Hər şey imkana bağlıdır. İmkanım olsaydı, gedərdim. Amma onların hər birinə Allahdan rəhmət diləyirəm. Mənim də ölənlərim çox olub. Bu üzdən onların acısını yaxından duyuram və faciəyə üzülürəm".


Qeyd edək ki, mayın 19-da ölkənin bir sıra tanınmış incəsənət nümayəndəsi Binəqədi rayonu ərazisində yanan binanı və hadisə zamanı yaralanan şəxsləri ziyarət edib.

Ziyarətə tanımış şoumen Murad Dadaşov, müğənnilər Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, yazar Cəlal Qurbanov, Olimpiya çempionu Elnur Məmmədli, televiziya aparıcısı Kamilə Babayeva və digər şəxslər qatılıblar.


Bahar RÜSTƏMLİ
AzNews.az