İcra başçısı prokurorluğa çağırıldı - İH-dən açıqlama

21 May 2015 18:34 (UTC+04:00)

AzNews.az-a daxil olan məlumata görə, hadisə baş verən gündən etibarən qurumun 100-ə yaxın işçisinin ifadəsi alınıb. Bu barədə baş prokuror Zakir Qaralov da dünən Azərbaycan paytaxtında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında məlumat vermişdi. İfadəsi alınan şəxslər arasında icra başçısı Xaləddin İsgəndərovun da olduğu bildirilir.

Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova AzNews.az-a açıqlamasında faktı təkzib etməyib: "Bununla bağlı baş prokuror da danışmışdı. O belə bir məqamı vurğuladı ki, hadisə ilə bağlı aidiyyəti qurumların nümayəndələri dindirilməyə cəlb olunublar. Bu qurumların da rəhbərləri var. Binəqədi rayon İcra Hakimiyyətinin də bir rəhbəri var. Sözsüz ki, ona da müəyyən suallar verilməlidir. Bu çox təbii prosesdir. Amma bu o demək deyil ki, Xalid İsgəndərov istintaqa cəlb olunub. Bizim indiyə kimi xeyli əməkdaşmız çağırılıb və onlara adi qaydada suallar verilib".

Nigar Etibar
AzNews.az