“Qara polkovnik”in oğluna vəkillə görüş verilmir

21 May 2015 21:53 (UTC+04:00)


Bunu virtualaz.org saytına açıqlamasında biznesmenin hüquqlarını müdafiə edən vəkil Kamandar Nəsibov deyib.

"Mən bu işi aparan müstəntiqə dəfələrlə zəng vurmuşam. Lakin müstəntiq bu xahişlərinə məhəl qoymurdu. İndi isə zənglərimə ümumiyyətlə cavab vermir. Ona müvəkkilimlə görüşmək üçün icazə vermək tələbi ilə müraciət etməkdə davam etsəm də heç bir nəticəsi yoxdur. Bu, qanunsuzluqdur. Onun mənim müvəkkilimlə ünsiyyətimi məhdudlaşdırmaq hüququ yoxdur" deyə K.Nəsibov bildirdi.

Vəkilin sözlərinə görə, o, artıq baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət edib.

Qeyd edək ki, iş adamı Adil Hüseynov banklardan kredit kimi götürdüyü 314 milyon dolları mənimsəməkdə ittiham olunur. Biznesmen DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Adil Hüseynov Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilən və xalq arasında daha çox "Qara polkovnik" kimi tanınan polkovnik Fətulla Hüseynovun oğludur.