“Rusiya nefti üçün Azərbaycanı qarışdıracaq“– Şok iddia

22 May 2015 20:12 (UTC+04:00)


Nəşr bu versiyalardan biri kimi Moskvanın Azərbaycanda stabilliyi pozması fikrini də irəli sürüb. Publika.az xəbər verir ki, ABŞ nəşri Ukraynadan sonra Rusiya iqtisadiyyatının uçuruma yuvarlandığını bildirib: "Qərb Rusiyanı küncə qısnamaq üçün neftin qiymətini aşağı saldı. Hansı ki, bu ölkənin iqtisadiyyatının onurğa sütununu məhz neft gəlirləri təşkil edir. Hazırda Rusiyanın xarici borcu 15 faiz olmaqla o qədər də böyük deyil. Lakin ümumdaxili məhsul azalıb, ixrac və idxal problemləri yaşayır. Belə olduğu vəziyyətdə Rusiyanın geri çəkiləcəyini düşünmək sadəlövh görünür. Çünki Moskva indiyə qədər dirəniş göstərir və Qərbin ona qarşı hücumuna müxtəlif variantlarla cavab verir". Nəşr yazır ki, Kremlin beyin mərkəzləri iqtisadiyyatın uçurumdan çıxarılmasını neft qiymətlərinin qalxmasında görürlər: "Neft qiymətinin qalxması üçün onların bir neçə ssenarisi var. "Altılıq" danışıqlarını sabotaj etmək: 2006-cı ildən bəri Rusiya İranın nüvə problemi ilə bağlı "altılıq" ölkələrinin danışıqlarında mərkəz rolunu oynayıb. Buna baxmayaraq, o, ikili oyun oynayıb. Kreml İranla Qərb arasındakı gərginlikdən öz marağı üçün istifadə edirdi. İndi neft qiymətinin artması üçün Moskva həmin danışıqları sabotaj edə və hər şeyi yenidən başa döndərə bilər. İranla müharibə başlasa, bu, hazırkı məqamda Rusiyanın xeyrinədir. Bu, olduqca az ehtimal olunan məsələdir, lakin neftin qiymətinə təsir edəcək əsas amillərdəndir. Neft istehsalı olan kiçik ölkələrdə stabilliyi pozmaq: Neft istehsal edən kiçik ölkələrdə stabilliyi pozan hərəkətlər etməklə də qiymətlərə təsir etmək mümkündür. Hətta bu ölkələri istehsal etdiyi neft dünya bazarında kiçik paya sahib olsa belə, bu, qiymətlərə təsirsiz ötüşməyəcək. Bura Venesuela, İraq, Nigeriya, Əlcəzair, Azərbaycan, Qazaxıstan və Meksika daxildir. Bu, sonuncu versiyadır, lakin həmişə gündəmdə olaraq qalır. Rusiya bu ölkələrdə stabilliyi pozmaq istəyə bilər. Digər ssenari Bakı-Subsa boru kəməri və Bakı-Ceyhan kəmərinin hədəfə alınmasıdır. Rusiya Gürcüstana müdaxilə etmək təcrübəsinə sahibdir. Yəni Moskva Gürcüstana girərək bu kəmərlərin axınını dayandıra və qiymətləri qaldıra bilər. Hörmüz boğazının bağlanması, yaxud İŞİD-i Səudiyyəyə qarşı qaldırmaq: Variantlar arasında Səudiyyə Ərəbistanında vəziyyəti nəzarətdən çıxarmaq və Hörmüz boğazını qısa müddətə olsa da bağlamaq ssenarisi də var. Bu çətin görünsə də, Moskva müxtəlif yollarla buna nail olmağa cəhd edə bilər. Misal üçün, Yəməndəki şiə azlığının narazılığından istifadə edə bilər. Çünki Rusiya separatizm ənənələrinə sahibdir. O, Dağlıq Qarabağda, Cənubi Osetiya və Abxaziyada, eləcə də Ukraynada üsyançıları silahlandırıb. Bununla yanaşı, masada son versiya kimi İŞİD-ə dəstək də var. Çünki İŞİD Səudiyyə Ərəbistanındakı monarxiyanı devirmək istəyir. Rusiya dəstək verərək, onu Səudiyyənin üzərinə qaldıra bilər", - "Foreign Policy" yazır.