Fəzail Ağamalı da deputatlardan narazıdır

13 Oktyabr 2012 07:24 (UTC+04:00)
Dünən politoloq Cümşüd Nuriyev AzNews.az-a açıqlamasında deyib ki, Azərbaycanda ən uğursuz parlament 2010-cu ildə formalaşıb: "Əvvələr sahibkarlar parlamentdə 30% təşkil edirdisə, indi bu rəqəm 70%-ə çatıb. Bu çox qorxulu rəqəmdir. Orada 10-12 aktiv deputat var. 10-12 nəfər peşəkar deputat var. Qalan 100 nəfər deputat isə heç bir işə yaramırlar. Saxta yolla parlamentə düşüblər".

Millət vəkili Fəzail Ağamalı da politoloqla qismən razılaşıb. O, AzNews.az-a açıqlamasında deyib ki, hər bir kəsin özünəməxsus yanaşma tərzi var: "Cümşüd Nuriyev belə düşünə bilər. Parlament onun dediyi qədər də fəlakətli vəziyyətdə deyil. Amma bəzi millət vəkillərinin passiv mövqeyi məni də narahat edir. Onlar bu və ya digər məsələlər ətrafında müzakirələrə qoşulmurlar. Buna baxmayaraq, parlament öz işinin öhdəsindən kifayət qədər gəlir. Milli Məclisin yaratmış olduğu kompleks də var. 2010-cu ildə seçilmiş millət vəkilləri həmin kompleksdən çıxa bilmirlər. Onların passivliyi bununla əlaqədardır".

F.Ağamalı qeyd edib ki, Cümşüd Nuriyev həm də orijinal fikirləri olan şəxsdir: "Bu da onun vətəndaş olaraq mövqeyidir. Onun üzərinə topla, tüfənglə getməli deyilik. Siz başqa millət vəkilinə müraciət etsəz, onlar fərqli fikirlər söyləyə bilərlər. Belə olduğu halda, oxucu nəyin düz, nəyin səhv olduğunu görəcək".

İlkin Pirəli
AzNews.az