Sahibkarlar icra başçısından narazılıq etdi

13 Oktyabr 2012 08:30 (UTC+04:00)
Xırdalan şəhər 27-ci məhəllə adlanan ünvanda-"Abşeron" univermağıyla üzbəüz yerləşən obyektlərin sökülməsi davam edir. Yaşıllıq zolağı adıyla dükanları sökürlər, sahiblərinə isə bir manat da kompensasiya da verilmir.

Sahibkarlar deyirlər ki, sifarişçi Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icraçı isə Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədovdur. Söküntüyə etiraz edən Xırdalan şəhər sakini Mahizər Manafova bədən xəsarəti alıb. Bu barədə onun özü "Bizim Yol"a məlumat verib.

Mahizər xanım deyir ki, 27-ci məhəllədə yerləşən ticarət obyektində meyvə-tərəvəz satır. İcra hakimiyyəti ticarət departamentinin əməkdaşları obyektə hücüm edib, meyvə-tərəvəz satışını dayandırmağı tələb ediblər.

Tələb yerinə yetirilmədiyinə görə qadına hədə-qorxu gəlib, təhqir ediblər. "Obyektin sökülməsinə etiraz edən həyat yoldaşımı və övladlarımı döydülər. Əraziyə polis çağırdılar. Mən də buna etiraz edəndə sürüy-sürüyə polis maşınına apardılar. Bu zaman qolumdan xəsarət aldım", deyə Mahizər Manafova bildirdi.

Onun sözlərinə görə obyekt üçün lazım olan hüquqi sənədlərin hamısı var. Meyvə-tərəvəzi obyektin içində satır. Heç bir qanun pozuntusu yoxdur. Obyektimizi almaq istəyirlər. "Tələb edirlər ki, meyvə-tərəvəzi icra başçısının tələbinə uyğun olaraq yeni bazarda sataq. İcra başçısı "heç kim şəxsi obyektində meyvə-tərvəz satmasın" kimi qeyri-rəsmi qərar verib. Çünki yeni bazarda icra başçısı Zakir Fərəcovun payı var. O istəyir ki, Xırdalanda müştərilərin hamısı onun bazarına gəlsinlər", deyə Mahizər Manafova şikayət etdi.

AzNews.az