Biz niyə yaşayırıq? - SORĞU

14 Oktyabr 2012 06:26 (UTC+04:00)


"İlk qışqırıqdan son sükuta qədər bir yol.
Bu "ilk" və "sonun" arası doludur:
Ana şəfqəti,
vüsal,
intizar,
düşmən nifrəti,
məhəbbət acısı,
dost əlinin hərarəti,
arzuların ağrısı,
ümid qüvvəti"

Ancaq bu ömür yolunda bəzən addımlamaq üçün nə isə əksik olur və ya heç nə tapmırıq. O "nə isələr"in içində, bəlkə də, bizi yaşadan bir şey mövcud olduğundan əksikliyi daha çox hiss edirik, yaşamağa belə çətinlik çəkirik. Bəzən nə içində yaşadığımız dünya, nə də içimizdə yaşatdığımız həyatda özümüzə yer tapa bilmirik. Və.."Mən niyə yaşayıram axı?" sualı ilə baş-başa qalırıq. Əslində çox vaxt bizlərə kifayət qədər şablon görünə bilən bir sualdır. Ancaq ona ki, kəsərli bir cavabımız yoxdur və ya ümumiyyətlə, cavabımız yoxdur…
Bir yaşam eşqimiz varmı?

Bəs baxaq görək, kimlər bu sualı özünə verdiyində bir cavabı olur? Niyə yaşadığımızı, bizə həyat eşqi verənin nə və ya kim olduğunu düşünürükmü, bilirikmi? Ümumiyyətlə, varmı belə bir yaşadıcı eşqimiz? Bizi yaşadan amil yaşa, daşıdığın statusa, mühitə görə dəyişirmi? Yəqin ki, insanlar, arzular müxtəlif olduğu kimi yaşam eşqləri də müxtəlifdir. Kimisinin həyatı, ömrü-günü, saatı bir parça çörək tapıb, ac yatmamaq üçün sərf olunur, bunu tapdısa, onu yaşadanı tapdı demək. Kimisi isə yaşayış üçün lazım olan bütün maddi nemətlərə malik olur, ancaq ürəyi bir damla sevgiyə həsrət…
Beləliklə, çıxdıq cavab axtarışına… Sorğumuza uşaqlardan başladıq. Uşaqlar üçün həyat, nədəsə xoşbəxtlik tapmaq daha asan olur. 10 yaşlı Əli Muradovdan ona nəyin həyat eşqi verdiyini soruşuruq. Qeyd edək ki, Əli heç də düşüncəsində, qabiliyyətdə böyüklərdən geri qalmır. İndiyə kimi istedadı və uğurları ilə özünü yaşıdlarından fərqləndirə bilib. Ona görə də, onun cavabı heç də uşaqsayağı deyil: "Mənim üçün həyatda ən önəmli şey sevib seçdiyim sənətimdir. Həyatımı musiqisiz təsəvvür edə bilmirəm. Hər yerdə musiqi axtarıram". Amma bu ağıllı uşaq onu da deyir ki, ailəm və əziz adamlarım olmasa yaşamağımın da mənası olmaz. Ona görə, yaşamaqçün sağlamlıq da əsasdır. Ancaq sonda sualımızın cavabına çox gözəl nöqtə qoyur: "Musiqini və digər hər şeyi nə iləsə əvəz eləmək olar, amma vətənimi heç nəyə dəyişmərəm! "

Sözün bitdiyi yer…


Ancaq kimsəsiz uşaqlar evində anasız-atasız yaşayan bir qızcığızdan onu yaşadanın nə olduğunu soruşanda susur və ağlayır…
-Bəs özün nə istəyirsən, Zeynəb?
-Anamı…
-…
…Sözün bitdiyi yer buradır, yəqin ki…

Əslində yaşamaq, elə xoşbəxt yaşamaq üçün də kimdə nə yoxdursa, onu istəmirmi?! Tapmadıqları isə getdikcə böyüyür və eşqə çevrilir, həyat eşqinə…
Gənc həkim Ramin Məmmədov isə deyir ki, bu kimi bütün düşüncələrinin sonunda Allaha olan sevgisini tapır və bununla yaşayır.

"Bütün eşqlər problemdir"

Şeirləri ilə ürəklərə yol tapan şairimiz Salam Sarvan yaşamaq eşqini nədə tapdığını belə izah edir:
-Bizi yaşadan bir-birinin ardınca düzülmüş həyati problemləri həll eləmək eşqidir.
-Buna eşq demək olar? Başqa bir həyat eşqinə ehtiyacı yoxdurmu ürəyin?
-Canatmaların hamısı eşqdir, ehtirasdır. Başqa bir həyat eşqi də məhz insanın qarşısında həyati problem kimi mövcuddur. Bütün eşqlər problemdir.
-Bəs həqiqətən, sizi yaşadan bir arzu yoxdurmu? Deyirlər, arzusuz yaşamaq olmur. Sizsə deyirsiniz ki: "Arzum yox, pulum yox, nəzir qutusu, mən nə niyyət tutum, nə salım sənə?…"
-Arzuları və ümidləri öldürmək lazımdır. Onlar yaşamaqda bizə mane olur.
İngilis dramaturqu və şairi Şekspir isə deyir ki, ümidsiz həyat bir anlıq ölüm deməkdir. Bir çox hallarda həyat və insanın ziddiyyətli məqamları ortaya çıxdığı kimi, burda da ümidin yaşadacağı və ya öldürəcəyi ziddiyyət təşkil edir. Bu ziddiyyətə isə zamanın, milliyətin, dinin, yaşadığın mühit və həyatın, düşüncənin və daşıdığın ürəyin təsiri ola bilər. Yaxud da ümidini yaşadan və ya öldürən insanların…

"Niyə yaşadığını düşünmək…"

İctimai xadim Yeganə Əmiraslanova isə hesab edir ki, ilk növbədə, yaşamağa məhkum olduğumuz üçün yaşayırıq: "Bizi dünyaya gətirən ilahi qüvvə hər kəsə yaşamaq haqqı verib. Yeganə xanım. Niyə yaşadığını düşünmək gerçək dünyanın nemətlərini önünə sərən Yaradanına şükürlü olmaq deməkdir. Niyə yaşadığını düşünmək yararlı vətəndaş, sədaqətli dost, qayğıkeş ana, cəsur əsgər, fədakar sevgili, şücaətli komandan, bir sözlə, əsl insan olmaq üçün mücadilə aparmaq deməkdir. Niyə yaşadığını düşünmək, vətəninə, millətinə layiqli övladlar yetişdirməkdir. Niyə yaşadığını düşünmək lazım gəldiyində düşünmədən haqq üçün özünü oda-suya atmaq deməkdir… Mən niyə, nəyə və kimə görə yaşadığımı düşünürəm və Allahıma şükr edirəm ki, bu düşüncəni məndən əsirgəməyib".
Bəziləri isə bu sual ətrafında düşünəndə bir cavabı olmur. 26 yaşlı Səbinə artıq bu barədə düşünmədiyini deyir. Çünki onunçün artıq nə həyatın, nə də yaşamağın bir mənası yoxdur, elə niyə yaşamağının da… Bu fikrə səbəb isə neçə illər sevdiyi yarını avtomobil qəzasında itirməsi olub: "Artıq mən bütöv deyiləm. Yarımçıq bir insan üçün nəyin mənası ola, nə arzulaya bilər ki?.."
Bəziləri isə hesab edir ki, nə olur-olsun, yaşayırsa, demək, onu yaşadan bir səbəb də var… Bu zaman axtarışın əvvəlində tapılmayan səbəb sonda çoxalaraq ard-arda düzülür.
Elə Mənsur kimi… O deyir: "İnsanı nə isə yaşatmalıdır. İlk bunu düşünürəm: mən yaxşı biriyəm. Sevgi dolu biriyəm. Mən öz ölkəmi sevirəm! Azərbaycanı sevirəm. Bakım da yaxşısı və pisi ilə mənə doğmadır. Mən dünyanı sevirəm. Dostlarımı sevirəm. Allahımı sevirəm"
Deməli, yaşamağa birinci özümüzü sevməkdən başlamalıyıq. Bu sevgiylə də insanları sevməyə davam…

45 yaşlı evdar qadın Süsən Quliyeva da onunçün həyatın mənasının sevdikləri, ailəsi, övladları olduğunu söyləyir. Bütün arzuları da onların həyatı, gələcəyi üzərində qurulub: "Axı hamımız ümumilikdə eyni ada sahibik-İnsan! Hamımız ürəyə sahibik… və daha neçə-neçə ümumiliklərimiz. Bəs necə olur bizi yaşadan ümumi bir amil yoxdurmu? Bəzən hər şeydən, hamıdan bezəndə, sən hər kəsi və ya hər kəs səni tərk edəndə ondan yapışasan… Yoxsa həyat eşqi deyilən şey mövcud deyil və ya mücərrəddir, xəyaldır"

Allah səni yaradıbsa, deməli, Allaha gərəksən

İslam araşdırmaçısı, fəlsəfə doktoru Mail Yaqub qeyd edir ki, İslama görə, insan Allahdan sonra ən şərəfli varlıqdır: "Quranda bildirilir ki, biz insanları əzizlədik, onlara şərəf və ləyaqət verdik. Bu ayə olduqca mühüm ayələrdən sayılır. İslam fəlsəfəsinə görə, Allah insanı həyat eşqini dadaraq İlahi və mənəvi təkamülə çatmaq üçün yaratdı. Quranda açıq-aşkar bildirilir ki, biz varlığı əbəs yerə yaratmadıq. Burada müəyyən bir məqsəd var. Belə olan halda insanın həyatına İlahi rəng qatılır və o özünü kimsəsiz və sahibsiz hiss etmir. Onu Allah yaradıb və sahibi də odur. Vaqif Bayatlı demişkən, Allah səni yaradıbsa, deməli, Allaha gərəksən… Əsas bir məqam var ki, insan mənəvi ocaq və ünsiyyət məkanı dalınca qaçır".

Sevinc Fədai
AzNews.az