Füzulidə Respublika günü qeyd olundu - Fotolar

27 May 2015 16:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Alı Alıyev qeyd edib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olub. Bildirub ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub. Alı Alıyev qeyd edib ki, bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial-iqtisadi inkişafın əsası 97 il əvvəl qoyulmuş dövlət müstəqilliyinin bəhrəsidir.

"Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə, tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir".

Tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşı Fazil Məhərrəmov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verib, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Çıxış edənlər cəmi 23 il mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutduğunu vurğulayıblar.