Müasir ordenlər

14 Oktyabr 2012 18:05 (UTC+04:00)


Kütlə 2 halda çox dözümsüz olur: etnik və ya dini mənsubiyyəti təhqir olunanda.

Son zamanlar dünya üzrə müsəlmanların dini mənsubiyyətinin təhqir edilməsi ilə bağlı ardıcıl faktlar diqqət çəkir. Dini heysiyyata toxunan xüsusi qıcıqlandırıcı məqamların seçilməsi ssenarilərin geniş kütlələrə hesablandığını göstərir. Acı reallıq olsa da, kütlə kütdür. Ona görə də bir çox ölkələrdə müsəlmanların harasa od vurması, bayraqlar, şəkillər yandırması kütlə psixologiyasından qaynaqlanır.

Əslində, istənilən də budur. Müsəlman dünyası qarışdıqca onlara nüfuz etmək asanlaşır. Proseslərin bir mərkəzdən idarə olunmasına artıq şübhə yeri qalmır. İndi dünyada müşahidə olunan qarşıdurma salmaq xətti tarixdəki ordenləri xatırladır. Ordenlər "dövlət içində dövlət" hesab olunurdu. Onlar xüsusi ara qarışdırmaq məqsədilə yaradılır, hərbi qüvvələrə malik olur və din amilindən istifadə edirdilər.

Müasir dövrə qayıtsaq,"Əl-Qaidə"ni yada salmaqda çətinlik çəkmərik. İndi təkcə Əfqanıstanda bir neçə "Əl-Qaidə" var. Hərəsi də bir istiqamətdə işləyir.Suveren dövlətlərin içərisinə nüfuz etmək üçün müasir ordenlər təsis olunur. Bu gün Suriyada yaradılan "dövlət içində dövlət" də eyni mərama xidmət edir. Baş verənləri diqqətlə təhlil etsək, yeni bir xətti sezə bilərik. Belə ki, artıq keçmişdəki "qəbilə qarşıdurmaları" işə düşür. "Qəbilə başçısı" ələ alınmaqla məsələ həll edilir.

Bu, böyük güclərə sərf edir. Onlardan asılı olmayan ölkələri asılı vəziyyətə gətirmək istəyirlər.Gəlin düşünək. Necə olur ki, dünyaya ən gözəl tolerantlıq nümunəsi verən Azərbaycanda sülhü təbliğ edən Beynəlxalq Humanitar Forum keçirilən gün kimsə bayıra çıxıb qışqırbağır salır, dini qarşıdırma yaratmağa cəhd edir? Bunun sadəcə təsadüf olduğuna inanan neçə nəfər var? Sanki gizli bir əl indi bizim Vətənimizə "əl bulamaq" istəyir. Ayıq-sayıq olaq. Fəlakət gətirən "dövlət içində dövlət" yaratmaq cəhdləri ancaq vətəndaşları sayıq olan ölkələrdə baş tutmur.

BakuPost