Şakira konsertində bətnindəki körpəsiylə rəqs etdi - FOTOSESSİYA

14 Oktyabr 2012 21:21 (UTC+04:00)
Dünya şöhrətli müğənni Şakira oktyabr ayının 14-də "Baku Crystal Hall"un səhnəsində geniş konsert proqramı ilə çıxış edib. AzNews.az-ın məlumatına görə, səhnədə ilk görünən tanınmış teleaparıcı Tural Əsədov olub.

O, əvvəlcə tamaşaçılara konsert haqqında qısa məlumat verib və səhnəyə "R&B" janrının ifaçısı, iki "Qremmi" mükafatına layiq görülən, məşhur kanadalı müğənni Melani Fionanı dəvət edib. Müğənni təxminən 1 saat səhnədə olub və repertuarında yer alan mahnıları ifa edib.

Daha sonra futbol topunun görünüşünü əks etdirən şəkildə tərtib olunan səhnəyə Şakira çıxıb. Müğənninin çıxışı diqqətlə izlənilsə də, səhnədəki jestləri nəzərdən yayınmayıb. Belə ki, Şakira çıxışı zamanı hamilə olmasını açıqlayıb: "Bətnimdəki körpənin mənimlə birlikdə rəqs etməsini hiss edirəm".

Qara rəngli geyimdə səhnədə olan Şakiranın, qarnını toxunaraq rəqs etməsi də buna bir işarə idi.

Şakira səhnə bir neçə dəfə tamaşaçılara səslənib: "Hello, Baku!"

Qeyd edək ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutub.

Məlumat üçün bildirək ki, Şakira ötən əsrin 90-cı illərinin sonlarından tanınmağa başlayıb. O, şərq və latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanıb. Müğənni iki "Qremmi", yeddi "Latın Qremmi", iyirmi iki "Billboard Latın Musiqi" mükafatları da daxil olmaqla, çoxsaylı uğurlara imza atıb.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az