"Nökər - qızlarımıza “klarnet” deyən Əkrəm Əylislinin özüdür”

15 Oktyabr 2012 04:48 (UTC+04:00)
Mövlüd Süleymanlı, Əkrəm Əylisli və Ədalət Əsgəroğlu arasında başlanan qalmaqal pik həddə çatıb. Əkərəm Əylisli "Yeni Müsavat"a açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbərini təhqir edib: "Nökərin dediyinə reaksiya vermək mənlik deyir. O, həmin adamların nökərçiliyini edir. Nə qədər ki, Yazıçılar Birliyində normal abı-hava, yaradıcı mühit yaranmayıb, Əsgəroğlu orada öz nökərçiliyini edəcək".

Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında Əkrəm Əylislini ağ yuyub, qara sərdi: "Əkrəm bundan başqa nə deyə bilər? Mən hamı kimi Yazıçılar Birliyində işləyib məvacib alıram. Əkrəm Əylisinin istər Çingiz Abdullayev, istərsə də Mövlüd Süleymanlı ilə nə söhbəti varsa, gedib öz aralarında həll etsin. Mən sadəcə, Yazıçılar Birliyinin mətbuat katibi kimi verilən suallara cavablandırıram. Mən demişəm, yenə də təkrarlayıram: Çingiz Abdullayev şöhrətli adamdır. Mən necə edim? Deyim ki, Çingiz müəllim şöhrətli adam deyil? Ukrayna, Belarusa, Rusiyaya gedirəm. Orada məndən Əkrəm Əylislini deyil, Çingiz Abdullayevi soruşurlar. Əgər Çingiz Abdullayev zəif yazıçıdırsa, onu tarix və ədəbi proses göstərəcək. Mən gördüyümü və eşitdiyimi deyirəm. Bunu görməmək, eşitməmək mümkün deyil.

Hamı bilir ki, Ədalət Əsgəroğlu Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbər vəzifəsində çalışır və buna görə oradan maaş alıram. Əgər mən nökər olsaydım, hamıya tabe olardım. Azərbaycan Yazıçılar Birliyinin sədri kimi yalnız Anara tabeyəm. Qurultaydan sonrakı plenumda bu öz təsdiqini tapıb. Yaşıma görə həyat yaşamışam, şöhrətli, uğurlu qələm sahibi olmaya bilərəm. Amma ağayanalıq söhbətinə gəlincə, Əkrəm Əylisli gözünü açıb ətrafa yaxşı baxsın. Mən nökər olsaydım, övladlarım Fövqəlada Hallar Nazirliyində işləyərdi. Mən nökər olsaydım, deputat olardım. Mən nökər olsaydım, Naxçıvanda, doğulduğum yerdə 3-4 mərtəbəli ev tikərdilər. Mən nökər olsaydım, Sovet dövlətində bir çox mükafatlara yiyələnərdim. Mən nökər olsaydım, 1989-cu ildə "Durujba narodov" jurnalında Əkrəm Əylislinin dediyi kimi, erməni xalqına nökərçilik edərdim. Yəni, Əkrəm Əylisli edən kimi. Mən nökər olsaydım, Belarus və Pribaltika qadınlarına xoş gəlsin deyə Bakı qızlarının ünvanına "klarnet" deməzdim.

O, "Gilanar ağacında deyir ki, Bakı qızlarına yaxın durmayın. Bakı qızları o söz..." O vaxt Azərbaycan Jurnalının redaktoru olanda, bunu çap etdirəndə aləm bir-birinə dəydi. 7 min nüsxəlik bir jurnal pozuldu, nədir ki, orada "klarnet" sözü vardı. Bunu deməklə Əkrəm Əylisli Belarus və Pribaltika qadınlarına təskinlik verirdi? Nəyə görə deyirdi? Azərbaycan qadınlarına bu qədər ləyaqətsiz baxan nökər xislətli adamdır. Ona gərə Əkrəm Əylisli öz adını başqasına qoymasın. Əkrəm Əylisi "nökər nədir, bekar nədir" el məsəlinə əməl etsin, iş tapsın, öz nökərçiliyini eləməkdə davam eləsin. Ümumiyyətlə, Əkrəm Əylisi bu günə kimi nə edibsə, hamısını nökərçiliyin hesabına edib.

Mən neyləyim ki, Əkrəm Əylislinin xarakteri budur. Mən bir dəfə Anarla Əkrəmin fərqini demişdim. Demişdim ki, Anar olan yerdə Əkrəmin söhbəti getmir. Amma Əkrəm Əylisli oturan yerdə Anarın həmişə qeybəti, paxıllığı, qısqanclığı gedib. O, kimin üstünə yeriyirsə-yerisin, amma mənim üstümə yeriməyini ona rəva görmürəm. Ona görə ki, mən onun üstünə yerisəm gərək Əkrəm Azərbaycanda duruş gətirməyə. Məndən ona nə Anar, nə Mövlüd Süleymanlı, nə də Çingiz Abdullayev çıxar. Əkrəm Əylisli çaşmasın. Mən istəyirəm ki, o, hikkəsini aşağı salıb şəxsiyyət kimi formalaşsın. Əgər bu yaşda o formala bilərsə.

Bu nə əxlaqdır? O, bütün ədəbi mühitə deyir ki, gəlin bizim aramızdan keçin. Bu əxlaqdır, yoxsa mənəviyyat. Əkrəm öz yolu ilə getsin. Məni məcbur etməsin ki, onun nökər və köləliyini sübut edim".

Bahar Rüstəmli
AzNews.az