“Bu hərəkətlər öz başlarında çatlayacaq” - Çingiz Qənizadə

1 İyun 2015 12:50 (UTC+04:00)
Pirallahıda 5 yaşlı qız uşağının 32 yaşlı əclafın biri tərəfindən zorlandıqdan sonra qətlə yetirilməsi ölüm hökmünün bərpası zərurətini növbəti dəfə gündəmə gətirib. Bir sıra deputatların da çox sərt mövqedən çıxış etdiyi qandondurucu hadisənin səbəbkarı içkili olduğunu əsas gətirib günahını yüngülləşdirməyə çalışır.

Ancaq əksəriyyət bu fikirdədir ki, bu kimi cinayətlərdə yüngülləşdirici halların nəzərə alınması tam istisna olunmalıdır və cəmiyyəti bu cür dəhşətli cinayətlərlə şoka salan həşəratlar layiqli cəzalarını almalıdır. Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə musavat.com-a müsahibəsində də öncə bu hadisədən danışıb.


- Çingiz bəy, 5 yaşlı uşağa qarşı törədilən cinayət hadisəsindən sonra həmkarlarınız arasında da ölüm hökmünün bərpasını təklif edənlər oldu. Siz qanunvericiliyə dəyişikliyi mümkün və zəruri hesab edirsinizmi?

- Bu hadisəyə görə çox təəssüf edirəm, olduqca ağır hadisədir. Cəmiyyətdə həmişə belə hadisələr olub. Sadəcə, indi mətbuat o qədər inkişaf edib ki, bu hadisələr gizli qalmır, dərhal ictimailəşir. Əgər biz ölüm cəzasını tətbiq etməyə başlasaq, onda Avropa Şurasından imtina etməliyik. Yəni bu, mümkün deyil. Avropa Şurasına daxil olarkən üzərimizə öhdəliklər götürmüşük. İkincisi də ulu öndər bunu tövsiyə edib və 1998-ci ildən ölüm cəzasına moratorium qoyulub. 2000-ci ildən 2001-ci ilədək biz artıq Avropa Şurasına daxil olmağımızla bağlı qanunlara yeniliklər edərkən bu, nəzərə alınıb və Cinayət Məcəlləsindən çıxarılıb. Mən əslində o dövrdə ölüm cəzasının ləğvinin əleyhinə olanlardan biri idim, baxmayaraq ki, hüquq müdafiəçisiydim. Bu gün də onun tərəfdarıyam. Amma onun hüquqi tərəfi yoxdur. Yəni bizim Avropa Şurasından imtina etməyimizlə onun hüquqi tərəfinin tətbiqi mümkün ola bilər. İndiki halda bu, real görünmür.


"Əgər ölüm cəzasını tətbiq etməyə başlasaq, onda Avropa Şurasından imtina etməliyik"



- Bəs, bu cür ağır cinayətlər törədənlərin cəzası nə olmalıdır?

- Bu cür hadisə törədənlərə qarşı sanksiyanın ən ağır hissəsinin tətbiq edilməsinin tərəfdarıyam. Burda hər hansı bir güzəştdən, yüngülləşdirici haldan, hətta bizim bilmədiyimiz hər hansı zəngdən, xahişdən söhbət gedə bilməz. Çünki o qədər ağır və dəhşətli cinayətdir ki, nəzərdə tutulan sanksiyanın ən yuxarı həddi tətbiq edilməlidir.


- Belə cinayətləri törədənlərin nə vaxtsa əfvə salınması ehtimalı nə qədərdir?

- Əfv fərmanı tətbiq edilərkən komissiya onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alır. Yəni belə adamların əfv olunması mümkün deyil. Onu da deyim ki, yazılmayan qanunlar da var. Cəzaçəkmə müəssisəsində də bu cür cinayət törədən adamların başını sığallamırlar. Orda da həmişə təzyiq və tənqid altında olurlar, başqaları kimi cəzalarını normal qaydada çəkə də bilmirlər. O qədər dəhşətli hadisədən söhbət gedir ki, həmin şəxs məhkumlar tərəfindən də qınaq obyektinə çevriləcək.


- Əfvdən söz düşmüşkən, komissiyanın sənədləri araşdırdığı açıqlanıb və Avropa Oyunları ərəfəsində, yaxud sonra növbəti əfvin imzalana biləcəyi deyilir. Sizdəki məlumatlar nə deməyə əsas yaradır?

- Mən əminəm ki, komissiya kifayət qədər sənədləri araşdırıb, haqqında müvafiq qərarlar qəbul olunub və prezidentə təqdim etməyə hazırdır. Oyunlar ərəfəsində nəsə olarsa... Mən bunu ehtimal kimi deyə bilmərəm. Çünki bu, konstitusiya ilə cənab prezidentə verilən hüquqdur və o, istədiyi bir an əfv fərmanını tətbiq edə bilər, heç hər hansı bayram, ya tədbirlər oldu-olmadı. Amma mən hüquq müdafiəçisiyəm, hesab edirəm ki, bu cür addımların tez-tez atılması məqsədəuyğundur. Əgər cənab prezident Avropa Oyunları ərəfəsi, yaxud ondan sonra belə bir addım atacaqsa, biz həmişəki kimi onu alqışlayacağıq.


- İyunun 1-i Tofiq Yaqublunun övladı Nərgiz Yaqublunun 40 mərasimidir. Tofiq bəyin əfvi baş vermədi, bəs onun 40 mərasiminə buraxılması necə, gözləniləndirmi?

- Əgər müraciətlər olubsa, hər şey ola bilər. Onun yas mərasiminə buraxılması üçün müraciət edənlərdən biri də mən idim. Novella xanım, Səidə xanım, Səadət xanım, biz çox qapıları döydük və cənab prezident də, ölkənin digər rəsmi şəxsləri də sağ olsunlar ki, Tofiq Yaqublunun yasda iştirak etməsinə imkan yaratdılar. Əgər növbəti belə bir müraciət vaxtında olubsa, məncə, bu şəraiti yenə yarada bilərlər.


- Çingiz bəy, "sahibsiz" deyilən villalarla bağlı sizin də sərt fikrinizi oxudum. Necə bilirsiniz, hətta birinci şəxsin müdaxiləsinə səbəb olan bu cür qanunsuzluqların arxasında kimlər var?

- Mənzillər başqa adamların adına rəsmiləşdirilib. Cənab prezident də "sökün" əmri verəndən sonra heç kim qabağa çıxmadı. Aydındır ki, bu, adi, sadə adamların villaları deyil. Kimlərsə qorxaraq qabağa çıxmırsa, onda söküntü əmri icra olunacaq. Amma mən inanmıram ki, o evlərin sahiblərindən hamı xəbərsiz olsun. Ən azı bu gün cəmiyyətdə daşı daş üstünə qoyanda dərhal gəlib adamın başının üstünü kəsdirirlər. Ona görə də yəqin ki, bunların əsl səbəbləri haqqında da kifayət qədər səbəblər var. Amma mən ev sahiblərini də qınamıram. Yəqin ki, vaxtilə onlara icazə verilib, ona görə bu villalar tikilib. Yəni bu məsələyə birmənalı yanaşmaq lazım deyil.


- Siz də hesab edirsinizmi ki, bu məsələdə əsas cavabdeh şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır?

- Mən deyə bilmərəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı birinci şəxs olaraq bu tikintilərə razılıq verib. Amma hər halda kimlərsə razılıq verməsə də, bunu bilib, göz yumub. Cənab prezident sözünü elə-belə demir ki. Yəqin ayrıca tapşırıq da verib ki, onların sahibləri barədə məlumat verilsin. Çünki cənab prezident dedi ki, elə onun hasarlarının qiyməti bir neçə milyondur. O da gözəl bilir ki, bu, sadə adamların villası ola bilməz. Ola bilər ki, məsələyə başqa qiymətlər də verilsin. Hər halda cənab prezidentin məsələyə hansı formada yanaşdığını gördük.

- Daha yaxşı olmazdımı ki, həmin villalar dövlət əhəmiyyətli işlər üçün istifadəyə veriləydi?


- Mən mətbuatda belə təklifləri oxudum. Amma onlar mənzil kimi nəzərdə tutulub. O baxımdan deyə bilmərəm ki, onlardan nə üçünsə istifadə mümkün ola bilərdi. Amma söhbət ondan gedir ki, istirahət parkının yanında başqa bir tikilinin olması məqsədəuyğun sayılmayıb, ona görə sökülmək göstərişi verilib. Söhbət qanunsuz tikilməsindən getmir. Söhbət prezidentin o parkın ətrafında heç bir tikintinin olmaması barədə göstərişinin əksinə tikintilərin aparılmasından gedir.


- Dəniz mövsümü ərəfəsində Xəzərin hasarlanması ilə bağlı nə deyə bilərsiniz? Belə çıxmırmı ki, sahilboyu çəkilən hasarların sökülməsi üçün də ölkə başçısının iradəsi lazımdır?

- Bəli, mən də hesab edirəm ki, gec-tez cənab prezident buna reaksiya verəcək. Şəhərə cənub tərəfdən girəndə baxırsan dəniz elə hasarlanıb ki, bizi sadəcə o gözəl mənzərədən məhrum ediblər. İnanıram ki, bu məsələ də cənab prezidentin diqqətinə çatdırılacaq və onunla bağlı da göstərişlər verəcək. Görürsünüz ki, son məsələlərdə cənab prezident nə qədər həssaslıqla, diqqətlə və ağrı ilə baş verən hadisələri vurğulayır, göstərişlər verir. Amma təəssüf ki, bəzən ətrafında olan kimlərsə bunu tuta bilmirlər. Gec-tez bu kimi hərəkətlər öz başlarında çatlayacaq. Sanki cənab prezidentin istəyi ilə edilən hərəkətlər arasında bəzən ziddiyyət olur, onda da prezident qətiyyətli addımlar atır.

Parlamentdə hasarlarla bağlı məsələ elə bir neçə dəfə Fazil Mustafa tərəfindən qaldırılıb. Xalq heç olmasa bu gözəl mənzərəyə baxmaqdan məhrum etmək düzgün deyil. Avropadan gələnlər Qobustana, tarixi yerlərə baxmaq üçün gedəcəklərsə, dənizin hasarlanması mənzərəsini görsələr, təbii ki, heyrətlənəcəklər. Nəzərə alaq ki, gələnlər arasında jurnalistlər də çox olacaq. Onlar da məsələlərə hansısa don geyindirəcək. Azərbaycana gələn jurnalistlər hamısı Azərbaycanı sevdiyi üçün gəlmir ki. Çoxları informasiya toplamağa, bəlkə də qarışqadan fil düzəltməyə gələcək.

O baxımdan biz onlara imkan verməməliyik ki, nələrisə görsünlər və yazsınlar. Allaha şükür, şəhərin mərkəzində gözəl işlər görülüb, hər bir atılan addım bizi sevindirir. Təbii ki, son hadisə olmasaydı, daha yaxşı olardı. Amma məhz Şıxovdan sonra Qaradağ ərazisində yolboyu dənizin hasarlanması yolverilməzdir, gec-tez bu hasarlar da sökülməlidir. Dəmir çərçivə çəkilsəydi, dənizin gözəl mənzərəsi də qalardı, yaşayış əraziləri də küləkli olardı. Yəqin ki, cənab prezident nə vaxtsa bu məsələyə öz mövqeyini bildirəcək.

- Binəqədidəki binanın yanmasından sonra təhlükəsizlik qaydalarına əməl olunacağına əminliyiniz varmı?

- Çox ciddi əməl olunacaq. Bəziləri deyir ki, yanğın təhlükəsizliyi, yaxud digər qurumlar hara baxıb? Mənə elə gəlir ki, burada məsuliyyət daha çox istehsalçının üzərində olmalıdır. O, lisenziya alarkən təqdim etdiyi nümunə ilə qatqı vurmadan istehsal etdiyinin arasında çox böyük fərq var. Məhz bu istehsalçılar sifarişçiləri aldadıblar. Əslində o qatqı ilə olan və odadavamlı hissəni vermək əvəzinə, daha ucuz məhsulu onlara sırıyıblar, nəticədə də bu cür hallar baş verib. Yanğın təhlükəsizliyi də vaxtilə baxıb, ona qiymət verib, FHN və digər qurumlar rəyini bildirib. Amma biz bunun şahidi olduq ki, rəyi təqdim olunanla istifadə olunan arasında çox böyük fərq var.

Bu fərq də ordan irəli gəlir ki, onun hər kv.m-də hansısa miqdarda pul fərqi var. Çünki ona bahalı qatqı vurulduqda qiyməti xeyli artmalı idi. Bunu etməyib məhsulu "keyfiyyətli" adı ilə sırımaq və belə bir faciənin baş verməsinə səbəb olmaq daha çox istehsalçıların günahından baş verib. Ona görə də həmin müəssisənin rəhbəri saxlanılıb və istintaq gedir. Burda istehsalçının cinayəti göz qabağındadır və yəqin ki, buna görə layiqli cəzasını alacaq. Ola bilər ki, bundan sonra yanğın təhlükəsizliyi ilə bağlı rəylərin verilməsi mərhələli şəkildə həyata keçirilsin, yəni ilkin olaraq tikinti gedən zaman və sonda nümunə götürülsün.

- Yay tətilindən sonra həm də seçki hazırlıqları başlayır. Yəqin ki, namizədliyinizi irəli sürəcəksiniz...

- Bəli. Mən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçicilərimlə seçki öncəsi və seçkidən sonrakı illərdəki görüşlər zamanı onlara verdiyim sözə əməl etmişəm. Məlumat üçün deyim ki, seçildiyim dairədə 200-dən çox görüş keçirtmişəm. 50-yə yaxın kənddir, hər kənddə 4 dəfə və daha çox görüşlərim olub, indi də görüşlərim davam edir. İyulun sonuna qədər bütün kəndlərdə görüşlər keçirəcəm və yəqin onda görüşlər 250-yə çaxacaq. Elə bu günlərdə Bəhramtəpə, Sarıxanlı, Buludlu qəsəbələrində görüşlərdə olmuşam.

İnşallah payıza sağ-salamat çıxacağıqsa, yenə bu dairədən namizədliyimi vermək arzusundayam. Çünki keçirtdiyim görüşlər zamanı seçicilərin rəyini də öyrənirəm, ümumi münasibət çox yaxşıdır. Onlar namizədliyimi verəcəyəmsə, mənə səs vermək arzusunda olduqlarını bildirirlər. Mən də sizin qəzet vasitəsilə onlara təşəkkür edirəm və deyirəm ki, namizədliyimi yenə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürmək arzusundayam.