Rəsulzadənin başından çuvalı çıxartdılar – Deputatların tələbilə

1 İyun 2015 22:20 (UTC+04:00)

Bu barədə AzNews.az-a jurnalist Azər Allahverdiyev məlumat verib.

"2 ildir ki, Rəsulzadənin büstünün başından çuvalı çıxartdırmağa nail ola bilmirdim. Nəhayət, may ayının 28-də Milli Məclisin üzvü, xalq şairi Sabir Rüstəmxanlıya zəng etdim və dedim ki, Sabir bəy, siz və Fazil Mustafa bir neçə dəfə Milli Məclisdə bununla bağlı məsələ qaldırsanız, çuvalı çıxardacaqlar. Sonra Fazul bəyə də zəng vurdum. Hər iki deputat mayın 29-da Milli Məclisdə məsələni qaldırdılar. Və bu gün onların tələbi həyata keçdi, çuvalı Rəsulzadənin başından çıxartdılar. Hər iki deputata minnətdarlıq edirəm".

Azər Allahverdiyev sosial şəbəkədə sözlərini təsdiq edən fotoşəkilləri də paylaşıb.

Qeyd edək ki, Milli Məclisin mayın 29-da keçirilən iclasında Sabir Rüstəmxanlının "Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Gəncədən fəaliyyətə başlasa da, bu şəhərdə Rəsulzadənin büstünün başına çuval keçirilib. Ona qarşı bu cür münasibət göstərmək olmaz. Əgər Gəncə Şəhər İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, bunu desin. Yox , əgər belə deyilsə, zəhmət çəkib çuvalı onun başından çıxarsın" sözlərinə millət vəkili Musa Quliyev irad tutmuşdu: "Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır, həqiqəti əks etdirmir. Abidənin olduğu parkda təmir işləri gedir, həmin abidə də keyfiyyətsizdir. Abidənin təmir işləri ilə bağlı işlər aparıldığı üçün üstü örtülüb. Həmin park da Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib xahiş eləyib parkı təmir etdirsin".

Məsələ ilə bağlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov həmkarının bu dediklərinə reaksiya verib: "Musa Quliyev belə fikirlər səsləndirməklə əslində, öz işi ilə məşğul olmadığını göstərir və çox böyük yanlışlıqlara yol verir. O getsin, dövlətin siyasətinə qulluq etsin, kiminsə arasına girib belə əsassız söhbətləri danışmasın. Musa Quliyevin o sözlərində heç bir əsas yoxdur. Hüquqi nöqteyi-nəzərdən araşdırsın və görsün ki, həmkarının dediyi bir məsələnin nəqliyyat nazirinə aidiyyəti var, yoxsa yox. Yoxdursa, ağzına gələni danışmasın. O, dövlət adamıdır, Milli Məclisin üzvüdür, belə söz ona yaraşmaz".