Əməkdar artist: “3-4 nazirin evində işləmişəm” - FOTO

15 Oktyabr 2012 05:45 (UTC+04:00)



Əməkdar artist Ədalət Şükürovun AzNews.az-a müsahibəsi:


- Rusiyada böyük biznesinizin olduğu deyilir?

- Bəli. Mənim Rusiyada böyük biznesim vardı.

- Orada nə işləyirdiniz?

- Rusiyada tipaqrafiyada işləyirdim. Mən orada işləyəndə Azərbaycanda belə biznes yox idi. Bir il bundan əvvəl bu biznesi Bakıya gətirdim. Əvvəllər orada yaşayır, orda da çalışırdım.

2000-ci ildə isə Azərbaycana gəldim. Həmin vaxtı cəmiyyətdə iki təbəqə vardı: varlı və kasıb. Varlı insanlardan çoxlu dəvətlər alırdım. Onlardan incəsənət adamlarına çoxlu dəvətlər gəlirdi, pul qazanırdıq. Həmin o pulun hesabına yeni mahnılar, kliplər çəkildi. Açığını deyim ki, mən Azərbaycana gəlmək istəmirdim. Sadəcə, mahnılarım Azərbaycanda o qədər məşhur oldu ki, gəlməyə məcbur oldum. Niyaməddin Musayev, Flora Kərimova həmişə deyirdi ki, "Ədalət bəsdir, qayıt Azərbaycana". Deyirdim ki, mənə lazım deyil. Məni mahnılarım qabaqladı. Mahnılarım onsuz da məşhurlaşmışdı. Nə klipə ehtiyac vardı, nə də hər hansı konsertə. Mən bunu hər bir müğənniyə arzu edərdim.

- Nəyi?

- İndiki zəmanədə mahnılarının mənim kimi Rusiyada populyar olmasını. Dağıstan, Rusiyanın özündə azərbaycanlı müğənnilərindən heç birinin mahnısı populyar deyil.

- Rusiyada ən məşhur mahnınız hansıdır?

- "Badəm şərabla dolu". Bunu hər yerdə rus dilində oxuyurlar. 4 dildə oxunur.

- Siz həm də rəssamsınız?

- Bəli.

- Eşitdiyimə görə, həm də ev dizaynı ilə məşğulsunuz?

- Hə. Bu yaxınlarda öz evimin dizaynı başa çatdı. Tərifləmək kimi çıxmasın, hələ Azərbaycanda belə bir dizaynda ev yoxdur. Bəlkə hardasa 2-3 ilə bəlkə də belə bir görkəmdə ev ola bilər.

- Bu dizaynın təxmini qiyməti nə qədərdir?

- Əgər 3 D formata olsa, 100 min manat civarında. Başqaları üçün dəvət gəlir. Çəkirəm. Ev var 100 minə başa gəlir, ev də var 30 minə. kv.m-dən aslıdır.

- Deyilənə görə, ən çox nazirlərdən dəvət alırsınız?

- Var. Hardasa 3-4 nazirin ev dizaynı mənim əlimdən çıxıb. Onların arasında səfir də var.

- Səmimi deyin, daha çox hansı sənətdən qazanırsınız?

- Bu sənətdə qazanc güdməmişəm. İkincisi də dizaynda elə də qazanc yoxdur. Mən ixtisasca aktyoram. Azərbaycana da ixtisaslı bir kadr kimi gəldim.

- Niyə aktyor olmadınız?

- Mənə lazım deyil. İşlərim o qədər çoxdur ki, bilmirəm hansından yapışam. Bir necə filmdən dəvət almışam. Amma rədd cavabı verdim. Mən ciddi filmdə çəkilmək istəyirəm. Çox təəssüflər olsun ki, son 10-15 ildə Azərbaycanda ciddi film adlı şey görməmişəm. Yəqin ki, bundan sonra da çətin görərəm. İstər ssenari, istərsə də çəkilişi olsun, ciddilik anlayışı yoxdur. Həm də maddi tərəfini götürək. Rusiyada, hər hansı bir serial çəkilişində bir seriya 100 minə başa gəlirsə, Azərbaycanda bütün kinonu 100 minə çəkirlər. Ona görə də maraqsızdır.

- Bəs, yerli aktyorların oyun tərzindən necə, razısınız?

- Açığını deyim ki, məni qane itmir. Süni oynayırlar, adam inanmır. Aktyorlar elə o dövrdə qaldı. Aktyor tamaşaçıları inandıra bilmir. Prezident incəsənətə, kinoya böyük qayğı göstərir. Amma nəticəsi yoxdur. Dövlət tərəfindən hər bir kanala 1 milyon manat ayrıldı. Hanı o seriallar? Yoxdur. Bilmirik nə istəyirlər? İstedadlı aktyorlar çoxdur. Amma məktəb qaneedici deyil. Rusiyaya baxaq: Onlar bütün seriallarında tanınmamış aktyorlar çəkirlər. Gözəl də effekt alınır. Axtarsan onlar populyar aktyorlar da deyil. Bizim aktyorlar Yaşar Nuri, Siyavuş Aslanla bitdi. Təəssüflər olsun ki, təzə bir şey görmürəm. Teatrda isə aktyor var. Amma onlar teatr üçündür. Gedirik, görürük. Kino aktyoru tamam başqa şeydir. Hər şeyin başında isə aktyorların məvacibinin az olması durur. Onlar da insandır. Hər bir aktyora stimul lazımdır. Bir neçə kanal teleserial çəkir və buna görə hər hansı məbləğ alırlar. 200 manatla aktyor nə edəcək? Təmirə pul ayırırlar. Bu gözəl, amma yemək üçün də nəsə lazımdır. Aktyorlar, müəllimlər, həkimlər az məvacib alır. Onların pulunu birdən-birə qaldırmaq da olmaz. Bu dövlət büdcəsinə ziyan verə bilər. Artım az-az olmalıdır.

- Qalmaqalla, şou yaratmaq dəbdən düşüb, deyəsən?

- Müğənnilərin əksəriyyəti bunu başa düşüb. İndi sanballı olmaq dəbdədir. Amma efir xəstələri hələ də var. Onlar bir neçə nəfərdir. Hamımız onların arşını ilə ölçürlər. Kiməsə görə mənə niyə ittiham gəlməlidir? Əvvəl müğənni deyəndə fəxr edirdilər. Amma bu gün müğənniyə birtəhər baxırlar. Buna görə onların özləri günahkardır. Mahaçqalada bir azərbaycanlı müğənni tanınmır. Sankt-Peterburqda isə 2-3 müğənni tanınır. İlhamə xanım, Zaur Rzayev və Aftandil İsrafilov 1980-cı ildən üzü bu yana Dağıstanda çox iştirak ediblər. Mən özüm hər il 4 konsert proqramı ilə çıxış edirəm. İstəyirəm o konsertlərə yerli müğənnilərdən də dəvət edəm. Niyə də olmasın?

- Deyilənə görə, Rusiyada konsert verən Azərbaycan sənətçiləri oradakı təşkilatçılar tərəfindən aldadılır?

- Mən əksini deyərdim. Vallah mən bu hadisə ilə Rusiyada deyil, Azərbaycanda qarşılaşmışam. Əsas təşkilatçı və danışıqdır. Mən konsertə gedəndə qonorarımı əvvəlcədən danışıram. Zalda neçə nəfərin olması mənə maraqlı deyil. İstəyir bir, ya da iyirimi min adam olsun, mənim pulum budur. O pulu mən səhnəyə çıxmamışdan əvvəl alıram.

- Deyirsiniz ki, Sizi Azərbaycanda aldadıblar. Maraqlıdır Ədalət Şükürovu kim aldadıb?

- 4 il bundan əvvəl Yaşıl Teatrda konsertim olub. Həmin konsertin pulunu bu günə kimi ala bilməmişəm. Aldatdılar məni. Pulumu vermirlər. 2 saatlıq konserti oxudum və pulunu başqası yedi.

- Nə əcəb məhkəməyə üz tutmadınız?

- Bir neçə hörmətli adam zəng vurdu, çəkildim durdum kənarda. O, məni aldadan, pulumu verməyən bu gün də fəaliyyətdədir. Həmin adam təkcə mənə atmayıb. Bir neçə müğənnini də aldadıb, Yaşıl Teatrın səhnəsinə çıxardıb, oxutdurub və pulunu verməyib. Onlar da mənim kimi səsini çıxarmadı. Canlı konsert, ansambl bunların hamısı pul tələb edir.

- Sənətçilər arasında Sizi "bərk gedən", yəni bahalı geyinən müğənni kimi tanıyırlar?

- Qızım, qardaşım qızı rəssamdır. Hər şey bundan irəli gəlir. Zövqləri tutuşdururuq. Ən ucuz paltarımın qiyməti 500 manatdır. İncəsənət adamlarında belə xüsusiyyət var. Səhnədə geyindikləri paltarları saxlayırlar. Amma bu nə məndə, nə də ətrafımda alınmır. Biz onu geyinib sonra da ehtiyacı olan adamlara veririk. Biz onu çox geyinə bilmirik. Səhnə təzəni sevir. Nəyimə lazımdır o paltarlar? Ətri, qoxusu, kimə lazımdır o? Açığını deyim ki, onu saxlamağa yer də yoxdur. Hər 3-4 aydan bir bu paltarlar yığılıb və evdən çıxarılır.

Bahar Rüstəmli
AzNews.az