Hökumətdən gömrük yeniliyi

15 Oktyabr 2012 06:27 (UTC+04:00)
Nazirlər Kabineti "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları"nı təsdiqləyib. Baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən qaydalar Gömrük Məcəlləsinin müddəalarına əsasən hazırlanıb.

Gömrük orqanı tərəfindən icazə şifahi, kağız üzərində yazılı və ya elektron formalarda verilir. Ayrı-ayrı gömrük əməliyyatının və gömrük prosedurunun aparılması ilə bağlı icazənin alınması üçün şəxs tərəfindən şifahi, kağız üzərində yazılı və ya elektron formada gömrük orqanına müraciət edilir.

Yazılı icazənin alınması üçün müraciət edildikdə, gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır.

Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə kağız üzərində yazılı və ya elektron formalarda məlumat verilir.

Nazirlər Kabinetinin gömrüklə bağlı təəsdiqlədiyi ikinci sənəd isə "Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"dır. Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

Elnarə Əlosmanqızı
AzNews.az