“Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” – Dəyişdirildi

3 İyun 2015 19:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"ni "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1113-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilsin:

"3.1.25-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə) nəzarət etmək;".