Şimal meşələrində vandalizm - ARAŞDIRMA
15 Oktyabr 2012 07:36 (UTC+04:00)
ƏHALİ ÇIXILMAZ VƏZİYYƏTDƏ - YA SOYUQDAN ÖLMƏLİSƏN, YA DA MEŞƏLƏRİ TALAN ETMƏLİSƏN
"Kəndimizdə qış boyu qaz olmur, məcburuq ki, soyuqdan ölməmək odun ehtiyatımızı tutaq". Xaçmazın Vələmir kənd sakini Yaşar Əliyev deyir ki, Vələmir meşələri olmasa, bu kənddə yaşayanlar elə bir qış mövsümündəcə canlarını şaxtaya tapşırarlar. Bu kəndə qaz xətti çəkilmədiyindən sakinlər yay-qış odun sobasından istifadə edirlər.
Şimal meşələrinin sürətlə və kütləvi şəkildə qırıldığını Quba-Xaçmaz bölgəsi üzrə Təbiət Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyev də təsdiqləyir.
Onun sözlərinə görə, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntı hallarının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur: "Maddi-texniki təminatın və maliyyə çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi təsirini göstərir".
EHTİYAC VƏ LİMİT UYĞUNLAŞMAYANDA...
Nizami Şəfiyev deyir ki, təbii qazın olmadığı yaşayış məntəqələrində yaşayan sakinlərin oduna olan ehtiyacı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ehtiyacı ödəmək üçün təyin etdiyi normativ-limit heç də uyğunlaşmır. Ayrılan normativ-limit dəfələrlə azdır ki, bu da meşələrin qanunsuz qırılmasına səbəb olur. Bəzən isə əhalinin meşə təsərrüfatı idarələrindən odun daşımaq üçün aldıqları biletdən bir neçə dəfə istifadə etmələri yolu ilə ehtiyaclarını ödəmələrinə gətirib çıxarır.
Xaçmaz rayon icra hakimiyyəti Aparatının məsləhətçisi Yaşar Heydərov isə deyir ki, ikisi şəhər tipli olmaqla rayonda 149 yaşayış məntəqəsi var. Bunlardan 54-də əhali təbii qazdan istifadə edir. 95 yaşayış məntəqəsində isə əhali hələ təbii qazla təmin olunmayıb. Bu da 16200 ev-təsərrüfat deməkdir. Yaşar Heydərov deyir ki, təbii qazın olmadığı bəzi kəndlərdə yaşayan əhalinin bir qismi bağçılıq təsərrüfatı ilə məşğul olur. Belə ailələr yanacaq kimi bağ sahələrində görülən işlər zamanı əmələ gələn qırıntılardan və neft məhsullarından, elektrik enerjisindən istifadə edirlər. Əhalinin böyük qismi isə yanacaq kimi meşədən istifadə edir və ayrılan normativ-limit isə əhaliyə kifayət etmir.
XAÇMAZA VERİLƏN MAYE QAZDAN ƏHALİDƏN ÇOX TƏŞKİLATLAR YARARLANIR
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbəri Budaq Əliyev deyir ki, Xaçmaz rayon ərazisində 20.775 hektar meşə sahəsi var. Bu il müəssisə 90 hektar meşə əkməyi nəzərdə tutub. Bu da keçən illə müqayisədə 10 hektar azdır. Buna səbəb isə meşə sahələrinin salınması üçün ayrılması nəzərdə tutulan açıq torpaq sahələrinin ilbəil azalmasıdır. Budaq Əliyevin sözlərinə görə, bu il rayona yanacaq kimi ayrılan normativ-limit 2880 kub. metrdir ki, bunun da bir hissəsi dövlət təşkilatları üçün nəzərdə tutulub. Budaq Əliyev qanunsuz ağac kəsiminə qarşı mübarizə aparıldığını bildirsə də, artıq rayon meşələrində qiymətli ağac cinsinə məxsus ağac və kol bitkilərinin qalmadığını da etiraf edir.
155 KƏNDDƏN YALNIZ 33-DƏ TƏBİİ QAZ VAR
Quba Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi Məsələlər şöbəsinin böyük məsləhətçisi Cavad Ağaverdiyevdən aldığımız məlumata görə isə, rayonda biri şəhər, biri də qəsəbə olmaqla 155 yaşayış məntəqəsi var ki, bundan yalnız 33-də əhali təbii qazdan istifadə edir. 122 yaşayış məntəqəsində təbii qaz yoxdur. Bu da 20.710 ev-təsərrüfat deməkdir. Cavad Ağaverdiyev də təbii qazla təmin olmayan yaşayış yerlərindəki əhalinin əsasən bağçılıq təsərrüfatı ilə məşğul olduqları üçün yanacaq kimi bağ tör-töküntülərindən istifadə etdiklərini deyir.
QUBA MEŞƏLƏRİNDƏ NƏ VAR, NƏ YOX?
Keçək Quba meşələrinə. Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyi əvəzi Malik Hüseynov deyir ki, rayon ərazisində ümumilikdə 56.665 hektar meşə ərazisi var. Bunun da 24.808 hektarı Şahdağ Milli Parkına digər 32.46.7 hektar sahəsi isə meşə təsərrüfatına aiddir:
"Bu il rayona yanacaq kimi ayrılan normativ-limit 5.488 kub. metrdir. Bunun da bir hissəsi dövlət təşkilatları bir hissəsi də əhali üçün nəzərdə tutulub".
Baş meşəbəyi əvəzi rayon ərazisində keçən il 105, bu il isə 90 hektar açıq torpaq sahəsində meşə salındığını deyir. Onun sözlərinə görə, müəssisə əməkdaşları bu il qanunsuz ağackəsmə hallarının qarşısının alınması zamanı 44 fakt aşkarlayıblar. Meşələrdə ağac kəsimi ilə məşğul olanlar inzibati cəzalandırılıblar. Malik Hüseynovun sözlərindən belə məlum olur ki, Quba meşələri də Xaçmaz meşələri ilə eyni tale yaşayır - qiymətli ağac və kol cinsləri tükənmək üzrədir.
"İLDƏ YOX, AYDA 44 FAKT"
Quba-Xaçmaz bölgəsi üzrə Təbiət Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyev isə razılaşmır. O, iddia edir ki, meşə qırımları ilə bağlı statistik rəqəmlər reallığı əks etdirmir:
"Birmənalı olaraq təbii qazdan istifadə imkanları olmayan əhalinin bir hissəsinin bağçılıqla məşğul olduğunu önə çəkərək, onların meşələrdən odun daşımadığını iddia etmək gülünc səslənir. Çünki, əvvəla əhalinin çox az bir hissəsi bağçılıqla məşğul olur. İkincisi, hətta bu faktın özü də sübut edir ki, bağçılıqla məşğul olan əhali öz bağının məhsulunu bazarlara çıxarmaq üçün istifadə etdiyi yeşikləri haradansa əldə edir. Bu yeşiklər isə qeyri-qanuni fəaliyyət göstərən parket sexlərində istehsal olunur. Hansı ki, gündəlik olaraq bu sexlər öz fəaliyyətlərində xammal kimi meşə ağaclarından istifadə edirlər. Baxın, bu vaxta qədər görülən işlərin hesabatları onu deməyə əsas verir ki, Meşə Təsərrüfatının əməkdaşları ya qanunsuz ağacların kəsilməsi hallarına göz yumur, ya da bu hallara özləri şərait yaradır. Çünki, müəssisə rəhbərləri öz ərazilərində qiymətli ağac cinsinə məxsus ağacların olmadığını bildirirlər. Bəs bu vaxta qədər əkilən ağaclar hardadır? Əgər bu ağaclar qanunsuz kəsilibsə, niyə səbəbkarlar cəzalandırılmayıb? Cəzalanıblarsa necə olub ki, bu il təkcə 4 hadisə qeydə alınıb. Halbuki, artıq Xaçmaz meşələrində məsələn, palıd ağaclarına rast gəlmək olmur. Həmçinin Quba rayon meşələrindən hər gün xammal daşıyan qanunsuz parket sexlərinin sayı 8-10-a yaxın olduğu halda necə olub ki, Meşə Müəssisəsinin əməkdaşları cari ildə 44 hal aşkarlayıb? Bu axı təkcə bir ayın göstəricisidir".
Vələmir kəndinin sakini Yaşar Əliyev isə düşünür ki, başqa çıxış yolu yoxdur. Deyir ən sərt cəza şaxtada donmaqdır. O, hökumətin qaz siyasətinin Vələmirə nə vaxt gəlib çatacağını gözləyə-gözləyə donmaqdansa, meşə ağaclarının istisinə qızınmağı üstün tutur. Bu isti soyuq zindana aparan yol olsa belə...
Cəmil Məmmədli
AzNews.az