Sona Vəliyeva: “Bu, tarixin qaranlıq məqamlarına işıq salacaq”

4 İyun 2015 16:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə ictimai xadimlər, elm xadimləri və mətbuat nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Qərənfil xanımın mətbu fəaliyyətindən bəhs edərək bildirib: "Bu kitabda 45 məqalə toplanıb. Əksəriyyəti "Kaspi"də işıq üzü görüb. Bu məqalələr Azərbaycan mətbuatına kənardan yeni bir baxışdır".

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitab haqqında fikirlərini bölüşərək bildirib: "Biz bu gün bura bu məzmunlu kitabın işığına toplaşmışıq. Təsadüfi deyil ki, bir neçə gün öncə ADR-in 97-ci ildönümünü qeyd etdik. Tariximizə nəzər salmaqda bu kitabın yeri olacaq. Qərənfil xanım jurnalist-tədqiqatçıdır və arxiv materialları əsasında yazır. Qərənfil xanım "Kaspi" qəzeti ilə əməkdaşlıq edir. Mən özüm şəxsən həmişə Qərənfil xanımın qəzetdəki məqalələrini gözləyirəm. Qərənfil xanımı Kaspiçi kimi tanıyırıq. Söhbət təkcə "Kaspi"də işləməkdən getmir, tariximizə münasibətdən, sevgidən gedir. Biz bu kitabı oxumaqla tarixin qaranlıq məqamlarına işıq salmış olarıq, yaddaşımıza həkk etməklə böyük tarixi şəxsiyyətlərimizə bənzəməyə çalışarıq. Bu cür kitabın yazılması Qərənfil xanımın şəxsi keyfiyyətlərindən irəli gəlir".

Tədbirin sonunda kitabın müəllifi Q. Dünyaminqızı hər kəsə təşəkkür edərək bildirib: "3 ilə yaxındır ki, "Kaspi"də işləyirəm. Mən ilk dəfə bu yazılarla digər mətbu orqanlara gedəndə problem yaranmışdı. Lakin "Kaspi" mənim yazılarımı olduğu kimi qəbul etdi və necə yazmışdımsa elə də dərc olundu. Mənə yazmağı öyrədən böyük fakültəyə minnətdarlığımı bildirirəm. Əgər "Kaspi"də davam edəcəmsə, hər il belə kitabların araya-ərsəyə gəlməsi üçün çalışacağıma söz verirəm".