Müsavatdan KXCP-yə cavab

15 Oktyabr 2012 07:43 (UTC+04:00)


"Mirmahmud Mirəlioğlu yəqin istəmirmiş, fraksiyaçılara yer verilsin". Bunu AzNews.az-a Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı KXCP sədri Mirmahmud Mirəlioğlunun çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələni Mirəlioğluna başqa cür çatdırıblar: "Biz əvvəldən bildirimişik ki, Müsavat Partiyası olaraq, müxalifətdə olan istənilən qüvvələrə iclas keçirmək üçün yer verməyə hazırıq.

"Demokratik Birlik" fraksiyasına da yer verdik. Bu heç də onları dəstəkləməyimizdən xəbər vermir. KXCP-nin daxili işlərinə qarışmaq düzgün olmaz. Mirmahmud ağa bunu başqa cür qəbul edirsə, mən bir söz deyə bilmərəm. Bu, onun öz işidir".

G.Aslanlı qeyd edib ki, Mirmahmud ağanın bu çıxışını iki partiya arasında soyuqluq olacaq kimi qəbul edir: "Mirəlioğlu tanınmış siyasətçidir. Çalışmalıdır ki, iki partiya arasında narazılıq yaranmasın. Biz buna çalışırıq".

Xatırladaq ki, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu "Qafqazinfo" açıqlamasında deyib ki, "Demokratik Birlik" fraksiyasının iclasının Müsavatın qərargahında keçirilməsinə rəvac verənlər müxalifətin birləşməsini istəməyənlərdir: "Bizim bu məsələ ilə bağlı adekvat cavabımız olacaq. Həmin toplantıda iştirak edənlərin KXCP-yə aidiyyəti yoxdur. KXCP-nin öz qərargahı var. Onlar KXCP-yə aid olsaydılar toplantılarını məhz bizim qərargahda keçirərdilər".

İlkin Pirəli
AzNews.az