“Siyahını İlham Əliyevə verəcəyik” – Prezidentin köməkçisi
5 İyun 2015 12:32 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşü zamanı deyib. O, Milli Mətbuat gününə kimi mükafatlandırılma ilə bağlı bu bir-iki gün ərzində Mətbuat Şurasına 30-a yaxın ərizənin daxil olacağını bildirib: "Prezidentin jurnalistlərin mükafatlandırılması ilə bağlı müvafiq sərəncamından sonra Mətbuat Şurasına 30-a yaxın ərizə daxil olub. Düşünürəm ki, iyulun əvvəllərinə kimi bu rəqəm 1000-i ötəcək. Buna görə də müraciət edənlərin arasından mükafatlandırılması üçün jurnalistlərin seçilməsi zamanı müəyyən kriteriyalar tətbiq edilməlidir. Eyni zamanda 40-50 illik stajları olan jurnalistlərin kənarda qalmasına icazə verməməliyik. Onlar bəzən utanıb, müraciət etmirlər, amma biz onları tapıb, üzə çıxarmalıyıq ki, onlar da mükafatsız qalmasınlar".
Məsələyə münasibət bildirən Əli Həsənov jurnalistlərin mükafatlandırılmasının kifayət qədər mürəkkəb proses olduğunu diqqətə çatdırıb: "Biz media rəhbərlərinin və Mətbuat Şurasının təqdim etdiyi siyahını prezidentə təqdim edəcəyik. Kimin mükafatlandırılması ilə bağlı son qərarı da prezident verəcək. Mükafatların, orden və medalların verilməsi məsələsində təbii ki, müəyyən standartlar var. Nəzərdən qaçırmayaq ki, bir jurnalist "Tərəqqi" medalı ilə təltif olunmaq üçün ən azı 10 il staja malik olmalıdır. Seçim edərkən Mətbuat Şurasının "qara siyahı"sı da köməyimizə gəlir. Əlbəttə ki, bu siyahıdakılar heç cür mükafat ala bilməzlər. Çalışacağıq ki, həmişə olduğu kimi bu dəfə də obyektiv seçim edək".