İnformasiya təhlükəsizliyi və dövlət sirrinin qorunması ilə bağlı müzakirələr keçirildi - Fotolar

5 İyun 2015 17:46 (UTC+04:00)

BMAM-dən AzNews.az-a verilən məlumata görə, "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları" mövsuzunda keçirilən ictimai müzakirədə KİV və QHT rəhbərləri, müvafiq dövlət qrumlarının rəhbərləri, sosial şəbəkə aktivləri iştirak ediblər.

Tədbirdə BMAM sədri Rufiz Qonaqov və Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov geniş nitq söyləyib.

BMAM sədri R.Qonaqov bildirib ki, ictimai müzakirədə informasiya resurslarının inkişafı və informasiya təhlükəsizliyi ilə bağlı sosial şəbəkələrin, yeni media vasitələrinin vəzifələri, informasiya təhlükəsizliyi ilə bağlı xarici təcrübə və bunun dövlətlərin təhlükəsizliyində rolu, informasiya təhlükəsizliyi ilə bağlı vahid strategiyanın tətbiqinin əhəmiyyəti, internet-medianın fəaliyyətinin sistemləşdirilməsinin yolları, dövlət sirri və dövlət sirrinin qorunmasının vacibliyi kimi mühüm mövzular müzakirə olunur: "Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Mediada, internetdə, sosial şəbəkələrdə yayılan informasiyalar milli təhlükəsizliyə zərər yetirməməli və bu kimi informasiyalar cəmiyyətin təşvişə düşməsinə rəvac verməməlidir. Hazırda Bakı-2015 Avropa Oyunlarına hazırlaşırıq. Ölkəmizə qarşı ikili standartlar, qərəzli mövqe sərgiləyən şəxslərin və ölkələrin fəaliyyətini hamımız müşahidə edirik. Bütün bunlar göstərir ki, biz ölkəmizin informasiya təhlükəsizliyini diqqətdə saxlamalı və hər zaman bu istiqamətdə fəaliyyət göstərməliyik".

Tədbirdə Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Y.Abidov giriş nitqi ilə çıxış edərək bildirib ki, informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, onların sosial şəbəkələrdə və mediada təbliği dövlətin vacib saydığı əsas mövzulardandır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı institutları olan KİV və QHT rəhbərlərinin üzərinə böyük vəzifələr düşür. Eyni zamanda, o, Quba rayonunda bu istiqamətdə görülən işlərdən danışıb.

Mövzu ətrafında BMAM-in eksperti Fuad Rəsulov məruzə edib. O bildirib ki, ölkədə diqqətdə saxlanmalı ən vacib məsələ informasiya təhlükəsizliyi məsələsidir. Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşıb. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim cəmiyyət və ölkə üçün də bu məsələ aktualdır. İnformasiya resursları artdıqca milli təhlükəsizliyi təhdid edən informasiyalar da çoxalır. Xüsusilə, senzuranın ləğv olunduğu bir dövrdə informasiya təhlükəsizliyi ilə mübarizə güclənməlidir.

Eyni zamanda, mövzu ətrafında çıxış edənlərdən Quba regional Təlim və Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev, fəal QHT rəhbəri Ramin Mahmudov, "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov internetin geniş imkanları, yayım sürəti probleminə daha ciddi diqqət ayrılmasının vacib olduğunu bildiriblər. Çıxışçılar informasiya təhlükəsizliyi üçün qanunvericilik bazası olsa da, nəzarət imkanlarının məhdud olduğunu, söz və mətbuat azadlığının dünyanın diqqətində olduğu bir zamanda bunun üçün "qızıl orta" tapmaq və onu həyata keçirməyin dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyətinin də qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd ediblər.

Sonra məruzə ətrafında çıxışlar olub.

Tədbirin sonunda qərara alınıb ki, müzakirə olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, təkliflər planı hazırlanıb dövlətə təqdim edilsin.