Çətirlərinizi götürün - Sabah yağış yağacaq

6 İyun 2015 13:37 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, iyunun 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Eyni zamanda, gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq.

Gündüz yarımadanın bəzi yerlərində şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq.

İyunun 7-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə lokal xarakterli leysanın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək.