“Növbədənkənar parlament seçkisi çıxış yolu deyil” - Elxan Şahinoğlu

8 İyun 2015 10:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu özünün Facebook səhifəsində Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə münasibətdə bildirib.

Onun fikrincə, növbədənkənar parlament seçkisi çıxış yolu deyil: "Belə olan halda parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır. Şəxsən mən AKP-MHP koalisyonuna üstünlük verirəm. Doğrudur, Ərdoğan-Davudoğlu ikilisi və Baxçalı bir-birlərinə demədikləri söz qalmadı. Ancaq bu seçki kampaniyası idi, indi isə gündəmdə ölkənin taleyidir və məsuliyyətli olmaq gərəkir".

E.Şahinoğlunun sözlərinə görə, MHP dövlətçilik və millətçilik adına məsuliyyətli partiyadır, parlamentdə təmsil olunan Xalqların Demokratik Partiyasının hakim koalisyonda yer almasını istəməz: "Çünki əks halda kürd radikalizmi Türkiyə tarixində ilk dəfə idaerəetmədə yer alacaq. Bunun qarşısının alınmasının iki yolu var: ya AKP-MHP koalisyonu qurulur, ya da MHP məsuliyyəti AKP ilə bölüşmək istəməsə də səsləri ilə kənardan AKP-nin hökumət formalaşdırmasına yaşıl işıq yandırır. İkinci variant MHP-yə imkan verəcək ki, AKP-nin siyasətini nəzarətdə saxlasın...".

Bahar RÜSTƏMLİ
AzNews.az