“Mərkəz” Gülər Əhmədovadan alınır

15 Oktyabr 2012 10:02 (UTC+04:00)


"Mərkəz" qəzeti və saytının əməkdaşları əmək haqlarını kimdən alacaqlarını bilmir


Sabiq deputat Gülər Əhmədova deyəsən, mandatla birgə ona həvalə olunan "Mərkəz" qəzeti və eyniadlı saytla da vidalaşmalı olacaq. AzNews.az-a daxil olan məlumata görə, Gülər xanım artıq iki həftədən çoxdur ki, "Mərkəz"-in ofisinə baş çəkmir. İstər qəzetin, istərsə də sayt əməkdaşlarının əmək haqları da verilməyib. Bu gün maaş günü olsa da, rəhbərlikdən heç kim əmək haqları məsələsi barədə bir söz demir.

Məlumata görə, sabiq deputat artıq qəzetdə və saytda gedən yazılara nəzarət də etmir. Bildirək ki, məlum olaydan sonra "Mərkəz"in yaxın günlərdə bağlanacağı bildirilirdi. Hətta bu mətbu orqanlarda çalışanlar artıq yeni iş yerləri axtarmağa başlamışdılar. Ancaq son günlər yayılan xəbərlərə görə, bu mətbu orqan Gülər Əhmədovanın əlindən alınaraq, başqa şəxslərə həvalə olunacaq.

Araz Xəzər
AzNews.az