“Udan yenə də Türkiyə oldu” – Aydın Mirzəzadə
8 İyun 2015 17:02 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.
Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirən millət vəkili hesab edir ki, seçki bir sıra yeniliklərə imza atıb və bu, həm Türkiyədə, həm dünyada böyük maraq doğurub: "Hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlsə də mütləq çoxluğa malik olmadığına görə onun mümkün koalisiya müttəfiqinin hansı partiya olacağı haqqında coxsaylı variantlar irəli sürülür. Hətta indidən vaxtından əvvəl seçkilər barədə də fikir bildirənlər vardır. Hesab edirəm ki, müdrik türk xalqı bu situasiyadan da uğurla çıxa biləcək. Nəzərə alsaq ki, Türkiyə tarixi üçün koalisiyalı hökumət təcrübələri vardır, bu dəfə də ortaq maraqların nəzərə alındığı bir hökumət formulunun tapılacağı inandırıcı görünür. Bu ortaq maraqların isə güclü və nüfuzlu Türkiyə olacağına şübhə yoxdur".
Aydın Mirzəzadə bildirib ki, bügün yayılan şərhlərdə barajı aşaraq Türkiyə Böyük Millət Məclisinə ilk dəfə düşən Xalqların Demokratiyası Partiyası (HDP) seçkidən öncə Ermənistanla sərhədləri qeyri-şərtsiz açmaq təkliflərini önə çəkib: "Bildirib ki, AKP HDP ilə koalisiya qurarsa, yeni parlament partiyasının bu fərqli mövqeyi nəzərə alınmalıdır. Qalib AKP-nin kiminlə koalisya qurması onun seçimidir və bu partiya öz müttəfiqlərini daha yaxşı müəyyənləşdirə bilər. Ancaq dost, qardaş Türkiyənin bir anda öz yolunu dəyişəcəyi, ümumtürk maraqlarını partiya maraqlarına qurban verəcəyi inandırıcı görünmür. 82 milyonluq ölkədə bir qrup insanın Ermənistan sevgisi olması tamamilə mümkündür, ancaq Türkiyə və Azərbaycan həmişə bir yerdə olublar və bundan sonra da onları ayıracaq heç bir qüvvə qələbə qazana bilməz. Ermənistanın Türkiyəyə qarşı bütün dünyada çirkin kampaniya apardığı halda Trükiyənin bu aqressiv ölkəyə qucaq asması ancaq romantik təxəyyülün arzusu ola bilər".
A.Mirzəzadənin fikrincə, Türkiyə bir daha demokratiya və milli dövlətçilk imtahanından uğurla çıxdı və udan yenə də Türkiyə oldu.
Bahar RÜSTƏMLİ