Daş salnamə muzeyinin açılışı oldu

8 İyun 2015 21:32 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

Dövlət başçısı və xanımına muzey haqqında məlumat verilib. 1921-ci ildə inşa olunan və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulan elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək.

Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir.

Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə biləcəklər.