Məhsulların zəmanətilə bağlı Prezidentə müraciət olundu - PROBLEM

15 Oktyabr 2012 10:40 (UTC+04:00)


"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 5-ci maddəsinə görə, istehsalçı və ya satış şirkəti istehlakçıya təqdim etdiyi mala xüsusi müqavilə əsasında zəmanət müddəti müəyyən etmirsə, onda 10 il müddətinə həmin malın işlək durumda olmasını təmin etməlidir. Həmçinin, qanunda xüsusi vurğulanır ki, həmin mal istehsaldan çıxarılsa belə, onun yararlı hala salınması istehsalçının və ya satış şirkətinin borcudur. Bu, qanunvericilikdə təsbitini tapsa da, həmin maddə tətbiq edilmir.

Elə buna görə də, hər zaman istehlakçıların narazılığı ilə qarşılaşmaq mümkündür. Belə ki, vətəndaşların satın aldıqları texniki avadanlıqlar tezliklə xarab olur və əvvəlcədən təqdim edilən zəmanət və şərtlər isə sadəcə kağız üzərində qalır.
Müştərilərin sözlərinə görə, bu şikayətlər üzrə mağazaya müraciət etdikdə bildirilir ki, şirkət tərəfindən məhsulun bu probleminə zəmanət verilməyib. Və ya: "Sən gedib 10 günün içində malı xarab edib gətirəcəksən ki, zəmanəti var?"

Şikayətlərə əsasən, bu mənada regionlarda vəziyyət daha çətindir. Ümumilikdə isə vətəndaşlar daha çox mobil telefonlar, kompüter və qızdırıcılarda tez bir zamanda yaranan nasazlıqlardan şikayət edirlər. Yəni nə məhsulun keyfiyyəti, nə də satış şərtləri və zəmanət müddəti müştərilər üçün qaneedici deyil. Bu da istehlakçıların hüquqlarının pozulmasıdır.

"Problem qanundakı boşluqdan başlayır"

Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) sədri Eyyub Hüseynov bildirir ki, bu problemlə bağlı ölkə prezidentinə və Nazirlər Kabinetinə müraciət ünvanlanıb: "Nazirlər Kabinetinin bununla əlaqədar müəyyən siyahısı olmalıdır. Texniki avadanlıqlara mütləq zəmanət verilməlidir.

Mürəkkəb texniki avadanlıqların, xüsusilə mobil telefonların, televizorların satışı zamanı şirkətə necə sərf eləyir, o hissəsinə zəmanət verir. Məsələn, ən böyük problemlərdən biri mobil telefonların akkumlyatorlarının enerjini saxlamamasıdır. Buna da zəmanət verilmir. Bu problemlərin həlli üçün də qanunlar möhkəmləndirilməyib. Ona görə də, ucuz mallar alıb satırlar və bu cür malların da zəmanəti olmur".

AAİB sədrinin sözlərinə görə, bütün ölkə ərazisində bu cür qanun pozuntuları baş verir: "Nazirlər Kabineti bu məsələni nəzərə almalıdır. Əsas problem qanunlardakı boşluqdan başlayır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanundakı boşluqlarla əlaqədar 20 gün bundan əvvəl Cənab Prezidentə rəsmi müraciət etmişəm. Bu boşluqları aradan qaldırmaq lazımdır".

"Qanunda heç bir boşluq yoxdur"

İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə heç bir boşluq olmadığını deyir. Bildirilir ki, İİN mütəmadi olaraq bazardakı vəziyyəti araşdırır, daima tövsiyə xarakterli məlumat toplusu hazırlayır və KİV-lərdə yayılmasına nail olur. Onun sözlərinə görə, ümumilikdə Nazirliyə daxil olan müraciətlər arasında istehlakçıların hüquqlarının pozulması ilə bağlı problemlərə də rast gəlmək olur: "Həmin problem araşdırma tələb edirsə, araşdırılır və həll edilir. İstehlak bazarında monitorinqlər aparılır və nəticələri üzrə işlər aparılır". A. Əliyev qeyd edir ki, inzibati tədbirlərlə yanaşı, istehlakçıların maarifləndirməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir: "Nazirlik açıq istehlakçı günləri keçirir, bununla bağlı bukletlər, broşurlar hazırlanılır. Eyni zamanda, vətəndaşlar bu barədə şikayətləri ilə əlaqədar Nazirliyin 195-2 qaynar xəttinə və 4981501 və 4981504 nömrələrinə müraciət edə bilərlər".

Qeyd edək ki, dünya təcrübəsi göstərir ki, mallarına bütövlükdə zəmanət verən şirkətlərin satış həcmi orta hesabla 80 faiz artır və şirkət özü üçün daimi müştəri bazası yaradır. Burada əsas rolu müştərinin inamı oynayır. Ölkəmizdə sözügedən problem isə ümumilikdə vətəndaşların inamının, şirkətlərin isə müştərilərini itirməsi deməkdir.

Sevinc Fədai
AzNews.az