“Avropa Oyunlarına görə hamı həyəcanlıdır” – Türkiyəli deputat

9 İyun 2015 16:50 (UTC+04:00)
Bakıda keçiriləcək I Avropa Oyunları qardaş Türkiyədə də sevinclə qarşılanır. Bu möhtəşəm idman tədbiri ilə bağlı Türkiyənin Böyük Millət Məclisinin deputatı İsmaıl Safi fikirlərini AzNews.az-a bölüşüb:

– İsmayıl bəy, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Qardaş Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsi Cənubi Qafqazda yerləşən bir türk-müsəlman ölkəsi üçün çox yüksək göstəricidir. Əslində, bu, Azərbaycanın sivil, hüquqi, dünyəvi dövlət olmasının, siyasi sabitliyə və böyük iqtisadi uğurlara sahib olduğunun nəticəsidir. 6 mindən çox idmançının Azərbaycanda gücünü sınaması heç də təsadüfi deyildir. Bu, həqiqətən möhtəşəm idman tədbiridir. Tarixdə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bütün soydaşlarımızın sevinci, qüruru olmalıdır. Türkiyə xalqı və dövləti olaraq bunu yüksək səviyyədə qarşılayırıq və hədsiz sevinirik. Bu Oyunlar Azərbaycanın uğurlarını gözləri götürməyən qüvvələrə böyük mesajdır. Bu gün Azərbaycana nəinki Avropa, bütün dünya etibar edir. Bir sıra beynəlxalq forumlar, tədbirlərə ev sahibliyini məhz Bakı edir. Dünyanın müxtəlif ölkələrindən yüksək titul və vəzifə sahibləri Bakıya gəlirlər. Bu, Bakıya olan etibarın, etimadın göstəricisidir.

- Türkiyə idmançılarının iştirakı, hazırlığı barədə nə deyə bilərsiniz?

– Şübhəsiz ki, Türkiyənin Avropa Oyunlarına gələcək idmançılarının adları məlumdur. Onlar hazırda da məşq edirlər, hazırlıqlarını davam etdirirlər. Artıq Oyunlara sayılı günlər qalır. Əslində hamı həyəcanlıdır. Oyunlarda say-seçmə idmançılarımız iştirak edəcəklər. Əminəm ki, qardaş Azərbaycandan biz də medallarla dönəcəyik. Bizim idmançılar Azərbaycanda özlərini evlərində olduqları kimi hiss edəcəklər. Çünki Azərbaycan bizim ikinci Vətənimizdir.

– Çoxlu sayda Türkiyə vətəndaşının Oyunları seyr etmək üçün Bakıya gəlmələri gözlənilir, elə deyilmi ?

– Türkiyədən Bakıya xeyli turist gələcək. Çünki ilk dəfə keçirilən belə yarışlarda şübhəsiz ki, hamı iştirak etmək istəyər. Xüsusilə gənclərin Oyunlara marağı hiss olunur. Zənnimcə, həm türk idmançılara azarkeşlik etmək üçün, həm də Azərbaycanın inkişaf edən paytaxtını görmək üçün xeyli vətəndaşımız səfərə çıxacaq.

Elnur Eltürk