Balakən toylarına polis nəzarət edir

15 Oktyabr 2012 17:10 (UTC+04:00)
Balakən rayonunda toy məclislərinin sakit, insidentsiz keçməsi üçün polis nəzarəti təşkil olunur. Bu barədə məlumatı AzNews.az-a rayon sakinləri verib.

Məlumata görə, toy məclislərində spirtli içkilərdən istifadə nəticəsində yaranan xoşagəlməz halların qarşısını bu vasitə ilə almaq nəzərdə tutulur. Rayon mərkəzindəki şadlıq evləri ilə yanaşı kəndlərdə keçirilən toy məclislərində də polis əməkdaşları iştirak edir.

Toylara polis nəzarəti isə şadlıq evləri sahiblərinin müraciəti əsasında təşkil olunub. Belə ki, toyda içkidən həddindən artıq istifadə nəticəsində yaranan vəziyyət ən çox şadlıq evlərinin sahiblərinə ziyan vurur: "Əvvəllər içkinin təsirindən yaranan insidentlər zamanı şadlıq evlərinin əmlakına ciddi ziyan dəyib. Bu isə obyekt sahiblərinin toylara polis nəzarətinin təşkili barədə xahişlə əlaqədar orqanlara müraciət etməsinə səbəb olub. İndi toylarda demək olar ki, heç bir hadisə baş vermir. Polis əməkdaşları toyun gedişinə müdaxilə etmir, sadəcə kənardan toyu izləyirlər".

Elnarə Əlosmanqızı
AzNews.az