Cəlilabadda təhsil özbaşınalığı

15 Oktyabr 2012 13:10 (UTC+04:00)


Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun Təzəkənd kəndindəki 1 saylı məktəblə bağlı verdiyi qərar sakinlərin narazılığına səbəb olub. Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, şöbə müdiri məktəbin məzunlarının ali məktəblərə qəbul imtahanında nəticə əldə etmədiyini əsas gətirərək, təhsil müəssisəsinin 9 illik olması barədə göstəriş verib. Kənddə mövcud olan məktəblərin hər ikisinin 9 illik olması sakinlərin narazılığı ilə qarşılanıb.

Sakinlər şagirdlərin 10-11-ci sinifdə təhsillərini qonşu Üçtəpə və yaxud da Alar kənd orta məktəblərində davam etdirməsinin bir sıra çətinliklər yaradacağını bildiriblər. Onların sözlərinə görə, bu şagirdlərin təhsilini davam etdirməsində çətinlik yaradacaq.

Hər iki kəndlə Təzəkəndin arasında olan məsafə 7-8 km olması şagirdlər üçün bir sıra problemlər yaradacaq. Həmin kəndlər arasında ictimai nəqliyyatın-avtobusun işləməməsi də öz təsirini göstərəcək.

Kənddə Prezident Aparatına, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət etmək üçün imza toplama kampaniyası aparılır. Ədalət Əsgərov telefon zənglərinə cavab vermədiyindən məsələ ilə bağlı şöbə müdirinin fikrini öyrənmək mümkün olmadı.

Elnarə Əlosmanqızı
AzNews.az