Erməni mətbuatı Avropa Oyunlarından yazdı – 3 cümlə

13 İyun 2015 10:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

Cəmi 3 cümlədən ibarət olan informasiyada deyilir ki, Bakıda Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağını bu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi, nümayəndə heyətinin başçısı Qraçya Rostomyan daşıyıb.

Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak edib.

İnformasiya "I Avropa Oyunları Azərbaycan paytaxtında iyun ayının 12-dən 28-dək keçiriləcək" sözlərilə sona çatıb.

Açılış mərasiminin detalları haqda əlavə informasiya vermək istəməyən agentliyin əsas məqsədi erməni bayrağının Bakıda qaldırılması xəbərini yaymaq olub. Əslində Ermənistan bayrağının Azərbaycanın Baş stadionunda qaldırılması ölkəmizin tolerant ölkə olduğunu bir daha sübut edir.

Ermənistanın çox böyük ehtimalla bayrağın necə qaldırılması metodikasından xəbəri yoxdur. Bayraqlar əsasən qızıl medallarda göyə qalxır. Bunu da azərbaycanlı idmançı Elmar Qasımov sübut edib və İrəvanda ermənilərı himnimiz altında bayrağımız altından keçirib.

O, dünən də Azərbaycanın əsas bayraqdarı oldu. Və bütün stadiona toplaşanları ayağa qaldırdı. Bunu yəqin ermənilər də gördülər...

Erməni agentliyinin həmin 3 cümləlik informasiyasında həmişə olduğu kimi maraqlı şərhlər yer alıb. Ermənilər yenə də öz ampulalarında qalaraq Azərbaycanı aşağılamağa çalışıb.

Ermənilərə isə ən tutarlı cavabı Georgi Meparişvili adlı istifadəçi yazıb: "Bakıda açılış mərasimində baş verənləri insan ağlına belə gətirə bilməzdi. Bu görüntülər təkcə Soçi Olimpiadasını deyil, bütün Olimpiadaları üstələdi".

O, şərhinin sonunda Azərbaycan dilində "Çox sağ ol, Azərbaycan" sözlərini yazıb.

Qeyd edək ki, Ermənistandan fərqli olaraq digər ölkələrin bayrağını idmançılar daşıyıb.

Babək Göyüş
AzNews.az