“Şadam ki, əziyyətimiz boşa getmədi“ – Müsahibə

14 İyun 2015 12:42 (UTC+04:00)

Yığmanın məşqçisi Mahmud Qurbanov bu oyunla bağlı azerisport saytına müsahibə verib.

AzNews.az həmin müsahibəni sizə təqdim edir.

- Norveçlə səfər oyunu barədə nə deyə bilərsiniz?

- Maraqlı oyun oldu. Bizim üçün çox gərgin keçdi. Yığmamız həm müdafiədə, həm də hücumda maraqlı oyun sərgilədi. Meydanda əsl komanda var idi. Uşaqlar meydanda bütün bacarıqlarını göstərməyə çalışdılar. Şadam ki, əziyyətimiz boşa getmədi.

- İkinci hissədə komandaya heç-heçəni qorumaq tapşırığı verilmişdi?

- Heç kim futbolçulara belə bir tapşırıq verməmişdi. Birinci hissədə komanda çox yaxşı təsir bağışladı. İkinci hissədə isə rəqib təzyiqi daha da artırdı. Bu da normaldır. Çünki Norveç bu matçın favoriti idi.

- Norveç yığması heç də yaxşı oynamadı. Sizə elə gəlmir ki, bu rəqibə qalib gəlmək də olardı?

- Qol vura bilərdik. Amma eyni zamanda öz qapımızda da qol görə bilərdik. Belə alındı. Rəqibin zəif oynaması barədə fikrinizlə razı deyiləm. Sadəcə, biz onlara belə imkan yaratmadıq.

- Ruslan Qurbanovu yığmamızın heyətində ən zəif bənd hesab edənlər çoxdur...

- O, hücumun sivri ucunda tək idi və heç də həmişə dəstək ala bilmirdi. Bütövlükdə, komandamız çox inamlı çıxış etdi.

- Artıq yığmanın oyununda irəliləyiş hiss olunur. Millidən daha artığını gözləyə bilərik?

- Yığmanın oyunundakı irəliləyişin hər kəs tərəfindən hiss olunması yaxşı məqamdır. Amma şübhəsiz ki, oyunumuzu, nəticələrimizi daha da yaxşılaşdırmaq üçün bundan da çox çalışmalıyıq. Düşünmürəm ki, bu, Azərbaycan yığmasının maksimumudur.