Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq edib

15 Oktyabr 2012 17:23 (UTC+04:00)
Avropa Birliyinin xarici işlər nazirləri İrana qarşı yeni maliyyə-iqtisadi sanksiyaların tətbiqi barədə qərar qəbul ediblər. APA-nın məlumatına görə, Avropa Birliyi İran bankları ilə əməkdaşlığı qadağan edib və bu ölkə ilə ticarətə məhdudiyyətlər qoyub. Sanksiyaların mahiyyəti sentyabrın 18-də açıqlanacaq.
AB-nin rəsmi açıqlamasında bildirilir ki, sanksiyalar maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edəcək. İrana metal, sənaye əhəmiyyətli proqram təminatı və neft tankerlərinin ixracına da qadağa qoyulacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ İrana qarşı analoji sanksiyalar tətbiq edib. Bu sanksiyalar İran iqtisadiyyatına neqativ təsir göstərib, milli valyuta dəyərini yarıbayarı itirib.

AzNews.az