Gimnastlarımizdan Stepko və Nekrasova final mərhələsində

15 İyun 2015 22:31 (UTC+04:00)

Apasport.az saytının məlumatına görə, iki gün ərzində keçirilən komanda yarışları və çoxnövçülüyün təsnifat yarışlarından sonra mükafatlar uğrunda mübarizə aparacaq idmançılar bəlli olub.

Komanda yarışlarında 1 medal qazanan Azərbaycan gimnastları daha 6 dəfə mükafat qazanmağa çalışacaq. Millimiz həm kişi, həm qadınların çoxnövçülük yarışında təmsil olunacaq. Təsnifat mərhələsində 3-cü olan Oleq Stepko kişilərin mübarizəsində çıxış edəcək. Marina Nekrasova təsnifatda 34-cü olsa da, çoxnövçülükdə qüvvəsini sınamaq imkanı qazanıb.

Buna yarışların əsasnaməsi səbəb olub. Belə ki, hər ölkə fərdi yarışlarda yalnız 1 idmançı ilə təmsil olunacaq. Kişi və qadınların çoxnövçülük yarışları iyunun 18-də keçiriləcək.

İyunun 20-də isə həm kişi, həm qadınlar ayrı-ayrı hərəkətlərdə ən yaxşıları müəyyənləşdirəcək. Stepko gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayacaq.