Azərbaycan 8-ci qızıl medalını qazandı

16 İyun 2015 19:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Bakının Heydər Əliyev adına İdman Sarayında keçirilən qadın güləşçilərin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan finalda Polşa güləşçisi Roksana Zasina ilə qarşılaşıb.

Anjela Doroqan gərgin mübarizə şəraitində keçən görüşdə rəqibi ilə 2:2 hesablıq bərabərə qalsa da, sonuncu fəndi güləşçimiz yerinə yetirdiyindən o, Avropa Oyunlarının qalibi elan edilib.

Xatırladaq ki, bu gün qadınlar arasında güləş yarışlarının ikinci günündə xalça üzərində 4 idmançımız çıxıb. Onlardan 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova daha erkən mərhələdə mübarizəni dayandırmalı olublar.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 8-ci qızıl medaldır.

Qeyd edək ki, qadın güləşçilərinin yarışlarının ilk günündə təmsilçilərimiz 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) bürünc medalının sahibi olublar.

Ondan daha öncə isə kişilər arasında Yunan-Roma üzrə yarışlarda güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.