Müstəqilliyimizin 21-ci ildönümü təntənəli qeyd olunacaq

16 Oktyabr 2012 05:22 (UTC+04:00)
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Bayburt Bilim, Eğitim və Kültür Dərnəyinin təşkilatçılığı ilə müstəqilliyimizin 21-ci ildönümünə həsr edilmiş tədbirlər keçiriləcək.

Oktyabrın 16-dan 21-nə kimi davam edəcək tədbirlər çərçivəsində Bakıda, Ağsuda və İsmayıllıda seminar, sərgi və bayram konsertləri təşkil olunacaq. "Dədə Qorqud yurdu-Bayburt, Azərbaycan və Türkiyə mədəni əlaqələri" mövzusunda keçiriləcək seminarlarda professor Qafar Cəbiyev, Türkiyə BEKDER Dərnəyinin sədri Mete Emir, Bayburt İl Turizm və Kültür müdiri Adnan Okumuş, Bayburt Ticarət və Sənaye Odası baş katibi Gokhan Önder Karaoğlunun məruzələri dinləniləcək.

Tanınmış türk rəssam-fotoqrafı Zeynal Abidin Öztürkün əsərlərindən ibarət sərgi nümayiş olunacaq, Bayburt Bələdiyyəsi Musiqi Qrupunun üzvləri, türk pop musiqisi ifaçıları Murat Türkoğlu, Ərtoğrul Bayhan, Əmrə Çikotun və MİRAS musiqi qrupunun bayram konserti keçiriləcək.

Qeyd edək ki, bu ilin yazında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti də Bayburtda keçirilən XVIII Beynəlxalq Dədə Qorqud festivalında iştirak edib.

Bahar Rüstəmli
AzNews.az