“Yarışları izləyə bilmirik...” - Etiraz

18 İyun 2015 13:42 (UTC+04:00)
Bu barədə AzNews.az-a sakinlər bildirib. Onların sözlərinə görə, həyəcanla final oyunlarını izlədikləri bir vaxtda işıqlar söndürülür: "Biz bu oyunlara düz-əməlli baxa bilmirik. Bir də görürsən, final oyunu gedir, əsas məqamda işıqlar kəsilir".

Şikayətçilər bildirilir ki, yarışların ən maraqlı yerlərində işıqların söndürülməsi təxribata oxşayır: "Necə ola bilər ki, həmişə yarışın ən maraqlı yerində hanısısa "texniki problem" yaransın? Bu, mümkün deyil, qəsdən edilir. Bu ya dövlətimizə, qarşı təxribatdır, ya da camaatın əsəbiləri ilə oynamaq xəstəliyi".

Məsələ ilə əlaqədar "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a bildirib ki, işıqların kəsilməsi onlardan asılı olmayan səbəblər üzündən baş verir: "Biz bütün reabilitasiya işlərini oyunlar bitənə kimi saxlamışıq. Amma mövcud problemlər "Azərişıq" yaranmamışdan əvvəl də var idi. Biz indi 24 saatlıq iş rejiminə keçmişik. Hətta fərdi qaydada belə problemlər varsa, abonentlər müraciət etsinlər".

T.Mustafayev bölgələrdə yaranmış işıqsızlıq probleminə də münasibət bildirib: "Regionlarda isə vəziyyət fərqlidir. Bir yerdə güclü külək olur deyə elektrik naqillərində problemlər yaranır, bir yerdə yağış işığın kəsilməsinə səbəb olur. Bəzi ucqar dağ kəndlərində elektrik enerjisi problemi ola bilər. Amma müraciət olduqdan sonra ən qısa müddətdə həll edirik. Elektrik enerjisi kəsilibsə, oturub gözləməsinlər ki, nə vaxt yanacaq. Qaynar xəttə müraciət etsinlər".