“Oyunlardan sonra Azərbaycana xarici valyuta axını artacaq” - İqtisadçı

18 İyun 2015 17:14 (UTC+04:00)

Bu sözləri AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O, daxil olan valyuta hesabına manatın hazırkı məzənnəsini qorumağın mümkün olacağını qeyd edib. R.Həsənovun sözlərinə görə, yay aylarında manatın devalvasiya prosesi gözlənilmir: "Çünki yay turizmi dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına səbəb olur. Ona görə də, güman edirik ki, yaxın aylarda manatın məzənnəsi qorunub saxlanılacaq. Lakin sentyabr-oktyabr aylarından etibarən neftin qiymətinin kəskin azalacağı proqnozlaşdırılır. Bu da manatın növbəti devalvasiya prosesinə yol aça bilər".

İqtisadçı neftin qiymətinin azalmasına səbəb olan digər amillərdən də danışıb: "Yay turizminin zəifləməsi də neftin qiymətinə təsir göstərə bilər. Həmçinin, İrana olan embarqonun aradan götürülməsi neftin qiymətinin azalmasına birbaşa təsir göstərə bilər. Embarqonun aradan qalxması, İran neftinin dünya bazarlarına çıxması deməkdir. Bundan başqa, OPEK də neft hasilatını azaltmayacağını bəyan edib. Bu da neftin qiymət artımına imkan verməyəcək".

Nigar ETİBAR