“Məni çox pis vəziyyətə salıblar” - QALMAQAL

16 Oktyabr 2012 07:11 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Muğam Teatrı Beynəlxalq Muğam Mərkəzinə birləşdiriləcək. Məsələyə münasibət bildirən Muğam Teatrının sabiq direktoru Arif Qazıyevin bir çox maraqlı məqamlara toxunub: "Hələ ortada bir şey yoxdur. Nazirlikdən də bir söz demirlər. Amma mən də eşitmişəm ki, Muğam Mərkəzi ilə Muğam Teatrını birləşdirəcəklər. Ölkədə muğama aid yalnız bir qurum ola bilər-o da Muğam Mərkəzi. Muğam Mərkəzi Muğam Teatrına birləşərsə, mən bədii rəhbər kimi yerimdə qalacam.

Amma bunun özü də bir sözdür. Vallah, mən bilmirəm, nə olacaq? Amma belə bir məsəl var, "qız evində toydur, oğlanın xəbəri yox". Mənim işim Allaha qalıb. Mən Muğam Teatrının direktoru vəzifəsindən çıxardılanda Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məni yanına çağırdı. Dedi ki "mən bilirəm ki, bu teatrı siz yaratmısınız. Siz teatrda qalacaqsınız. Mən Sizi bədii rəhbər deyil, baş rejissor qoyacam". Deməli, bu gün iki qurum birləşirsə, hər şey ümumi olacaq. Muğam Mərkəzində hələ ki, baş rejissor yoxdur".

A.Qazıyevin sözlərinə görə, onun hazırda Muğam Mərkəzinə də getməyə bir səlahiyyəti yoxdur: "Mən heç bir işlə məşğul deyiləm, ortalarda gəzirəm. Açığını deyim ki, Muğam Mərkəzinə də getməyə də bir səlahiyyətim yoxdur. Gərək, səlahiyyət verilsin ki, mən hansısa ocaqda otura bilim. Yəni, mən Arif Qazıyev olaraq, hələ bədii rəhbər kimi də təsdiqlənməmişəm. Bunların ipinin üstünə odun yığmaq da olmur. Söz veriblər, bəlkə edərlər? Amma biz belə şeyləri görə-görə gəlmişik. Bir də baxırsan ki, söz verirlər, amma etmirlər.

Bunların bir məqsədi var-o da Muğam Teatrını bağlamaq. Bəlkə ondan sonra canları qurtarar. Əlimdən teatrın binasını da aldılar, restoranı da. İşçilərimi də 51 faiz ixtisara saldılar. Məni təqaüdə göndərib, teatrı yetim qoydular. Bu saat yerdə qalan işçilərim ortada qalıb. Muğam Mərkəzinin qoltuğunda nə etmək olar? Hamı sığınıb ora. Nə otura bilirik, nə də dura. Çox pis vəziyyətdəyik. Adamın gündə heçə dəfə ayaqyoluna getdiyini hamı görür. Belə biabırçılıq olar? Mən danışmıram, gözləyirəm. Daha belə də olmaz da. Mən 130 manat maaşla dolana bilmərəm, axı".

Bahar Rüstəmli
AzNews.az