“Əsl həqiqətləri bütün nümayəndə heyətinə çatdıracağıq“

19 İyun 2015 17:39 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Sessiyada Azərbaycanla bağlı təqdim olunacaq məruzənin layihəsi ilə tanış olduğunu deyən R.Rzayev qeyd edib ki, həmin məruzədə Azərbaycanla bağlı müxtəlif qərəzli fikirlər yer alıb.

Deputat Azərbaycan nümayəndə heyətinin hər zaman olduğu kimi, həmin sessiyada da Azərbaycanın marağında olan bütün məsələləri qaldıracağını söyləyib.

Onun sözlərinə görə, bu məsələlər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, onun torpaqlarının Ermənsitan tərəfindən işğalı problemi ilə bağlıdır: "Məlumdur ki, həm işğal faktoru, həm də Sərsəng su anbarı ilə bağlı məruzəçilər təyin olunub. Bu istiqamətdə işlər davam etdiriləcək".

R.Rzayev əminliklə deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həmişə olduğu kimi, bu dəfə də yüksək səviyyədə fəaliyyətlərini davam etdirəcəklər: "Bütün beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın birbaşa borcudur ki, Azərbaycanın işğal faktı ilə bağlı özlərinin verdiyi qərara uyğun olaraq, məsələnin həllində maraqlı olsunlar. Biz də bu istiqamətdə işimizi davam etdirəcəyik".

Qeyd edək ki, iyunun 21-də Strasburqa səfər edən Azərbaycan nümayəndə heyətinin səfəri iyunun 28-də tamamlanacaq.