Yerevan: Azadlıq meydanında mitinq tətilə çevrildi - FOTO

20 İyun 2015 14:07 (UTC+04:00)

AzNews.az BBC-yə istinadəın xəbər verir ki, Aksiya iştirakçıları bazar ertəsi, iyunun 22-si, iş gününün sonunadək İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (İXTK) tərəfindən qəbul olunmuş elektrik enerjisi qiymətinin təxminən 16 faiz qaldırılması haqqında qərarın ləğv edilməsini tələb edirlər.
İyunun 17-də İXTK, Ermənistan Elektrik Şəbəkələri şirkətinin sifarişi əsasında, avqustun birindən ölkədə 1 kilovat-saat elektrik enerjinin qiymətini 6,93 dram artırmaq qərarı qəbul edib.
Dəqiqləşdirilməmiş hesablamalara görə, cümə günü Yerevanın Azadlıq meydanında keçirilən mitinqdə 10 minə yaxın adam iştirak edib. "Yox talana!" ictimai fəallar qrupunun təşəbbüsü ilə təşkil olunmuş aksiyaya bir sıra ictimai təşkilat və müxalif partiya nümayəndələri də qatılmışdı.


Yüzlərlə insan gecə Azadlıq meydanında qalıb



"Yox talana!" qrupun fəalı Vağinak Şuşanyanın: "Ya biz mitinqdən sonra yürüş keçirib evlərimizə gedirik, ya da meydanda qalıb, İXTK qərarının ləğv olunmasına nail oluruq", - müraciətindən sonra 3 minədək mitinq iştirakçısı meydanda qaldı.
Yüzlərlə insan iyunun 20-nə keçən gecəni Azadlıq meydanında keçirib və 22-si axşamınadək qalmaq niyyətindədir.
"Həmin vaxta kimi hakimiyyət bizim tələbimizi yerinə yetirməsə, aksiyamızı prezident iqamətgahı önündə davam etdirəcəyik" , - aksiya iştirakçıları bəyan edib.
Onlar "Qərar bizimdir!", "Bu ölkənin sahibi bizik, elektrik şəbəkələr deyil!", "Yox talana!" səsləyirlər.
Aksiya iştirakçıları polisdən meydanda gecələyənlərin təhlükəsizliyini təmin etməyi və onları mümkün "provokasiyalardan" qorumağı tələb ediblər.



Yerevan polis rəisinin müavini Valeri Osipyan saat 23-dən sonra aksiyanın qeyri-qanuni olduğunu bildirsə də, gecəni meydanda keçirməyə "icazə verib"




Polis oturaq tətil aksiyasının saat 23-dən sonra qeyri-qanuni olduğunu elan edib, lakin Yerevan şəhər polis rəisi Valeri Osipyan fəalların meydanda qalmasına "icazə verib".
Eyni zamanda fəallardan Anton İvçenko və Hayk Sarkisyanın mülki geyimli şəxslər tərəfindən saxlanılıb polis şöbəsinə aparıldığı bildirilir. Polis rəisi müavininin müdaxiləsindən sonra fəallar gecə yarısı sərbəst buraxılıb.
İnformasiya vasitələri tədbir yaxınlığında "mülki geyimli şəxslər" tərəfindən aksiya fəallarını "xəlvətdə tutmaq" cəhdləri edildiyini bildirirlər.