Prezident: "Bu, xalqımızın öz dininə olan hörmətini əks etdirir" (Fotolar)
22 İyun 2015 19:17 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşü zamanı deyib. O, səfirlərin təmsil etdikləri ölkələrlə Azərbaycanın sıx əlaqələri olduğunu qeyd edib: "Biz maraqlıyıq ki, müsəlman ölkələri ilə siyasi, iqtisadi əlaqələrimiz, mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək".
Prezident Azərbaycanın mövqeyinin İslam həmrəyliyini daha da möhkəmlətməkdən və müsəlman ölkələrinin bir-birinə daha da böyük dərəcədə dəstək verməsindən ibarət olduğunu vurğulayıb: "Xüsusilə, ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm".
Dövlət başçısı vurğulayıb ki, keçən bayramdan ötən dövr ərzində ölkə həyatında çox əlamətdar hadisə baş verib: "Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək.
***
16:57
İyunun 22-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib.
AzNews.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonra İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.