Sambo yığmamızdan 4-cü gümüş - Yeniləndi
22 İyun 2015 22:23 (UTC+04:00)
AzNews.az saytının məlumatına görə, 100 kq-dan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Vasif Səfərbəyov yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirib və asan qələbəyə sevinib - 8:0. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşib və rəqibində üstün olub.
O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirib. Vasif da komanda yoldaşları kimi çempion titulunu qazana bilməyib. Osipenka təmiz qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycanın sambo yığması Avropa Oyunlarını 4 gümüş medalla başa vurub
V.Səfərbəyovun qazandığı gümüş medal yığmamızın 39-cu mükafatı olub.
21:27
Daha bir samboçumuz bürünc medalı əldən verdi.
Bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən kişi samboçuların yarışında Azərbaycanı 90 kq-dək çəkidə təmsil edən Kənan Qasımov bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı Davit Karbelaşvili ilə qarşılaşıb.
Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Görüş ərzində hesabda iki dəfə önə çıxmasına baxmayaraq, səhvləri üzündən edilən xəbərdarlıqlar səbəbindən Kənanın xalları silinib. Nəticədə hakimlərin rəyinə əsasən 1:1 hesabı ilə başa çatan görüşün qalibi gürcü samboçu Davit Karbelaşvili olub.
20:34
Azərbaycan samboçusu Amil Qasımov da Avropa Oyunlarının gümüş medalını qazanıb.
AzNews.az xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçirilən sambo yarışlarında Azərbaycanı kişi samboçuların 74 kq-dək çəki dərəcəsində təmsil edən A.Qasımov Avropa Oyunlarının qızıl medalı uğrunda final görüşündə Belarus təmsilçisi Stepan Papovla münasibətlərə aydınlıq gətirib.
Çətin və gərgin şəraitdə keçən görüşdə A.Qasımov rəqibi ilə demək olar ki, bərabər mübarizə aparsa da, ani bir səhv görüşün taleyini həll edib. Belarus samboçusu ağrıdıcı fənd tətbiq etməklə təmsilçimizə qalib gəlib. A.Qasımov isə Avropa Oyunlarının gümüş medalına layiq görülüb.
Qalibiyyətindən sonra S.Papov təmsilçimizi hörmət əlaməti olaraq onu meydanda çiyinləri üzərində daşıyıb.
19:42
Azərbaycan samboçusu İslam Qasımov Avropa Oyunlarının gümüş medalını qazanıb.
Bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində sambo yarışlarında Azərbaycanı 57 kq-dək çəki dərəcəsində təmsil edən İslam Qasımov finalda qızıl medal uğrunda görüşdə Rusiya samboçusu Aymergen Atkulovla üzləşib.
Güclü rəqibi ilə gərgin mübarizə şəraitində keçən döyüşdə İ.Qasımov layiqli müqavimət göstərsə də, məğlub olub. Belə ki, rusiyalı idmançı ağrıdıcı fənd tətbiq edərək İslamı vaxtından əvvəl məğlub olmağa məcbur edib. Nəticədə İ.Qasımov Avropa Oyunlarının gümüş mükafatı ilə kifayətlənməli olub.
19:20
Samboda 52 kq çəki dərəcəsində mübarizə aparan təsmilçimiz Nəzakət Xəlilova gümüş medal qazanıb.
AzNews.az xəbər verir ki, idmançımız rusiyalı Anna Xaritonova ilə qarşılaşıb.
O, rəqibinə 0:5 hesabı ilə məğlub olub və gümüş medala yiyələnib.