“Radikal müxalifəti daha ağır faciələr gözləyir” – Fəzail Ağamalı
23 İyun 2015 11:50 (UTC+04:00)
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının AzNews.az-a müsahibəsi:
- Fəzail bəy, Birinci Avropa Oyunlarını izləyirsiniz?
-İndi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən medianın manşet yazıları Birinci Avropa Oyunları haqdadır. Bu baxımdan hər birimiz xoş və gözəl anlar yaşayırıq, oyunları izləyirik və idmançılarımıza azarkeşlik edirik. Şükürlər olsun ki, Azərbaycan idmançıları artıq 35 medal qazanıb. Bizə belə bir sevinci bəxş etdiklərinə görə onlara minnətdarlıq edirəm. İdmançılarımız Azərbaycanı dünya miqyasında tanıtmaqda böyük enerji sərf edirlər. Qoy Tanrımız bu idmançıları qorusun və bu ənənə gələcək də daha böyük qələbələr üçün zəmin yaratsın.
- I Avropa Oyunlarından sonra çox böyük ehtimalla hər kəsin diqqəti parlament seçkilərinə yönələcək. Bununla bağlı partiyanızda hansısa bir toplantı keçirilibmi?
- Bəli. Seçkilərə qatılmaq üçün partiyamızda müvafiq addımlar atılıb.
- Partiyanın irəli sürəcəyi namizədlərin siyahısı nə vaxt açıqlanacaq?
- Seçkilərdə iştirak edəcək namizədlərin sayını iyul ayında yekunlaşdırmaq fikrindəyik.
Partiyamız "Seçkiyə necə gedəcəyik, kimlərlə birlikdə olacağıq, hansı dairədən namizədlər irəli sürəcəyik?" kimi sualların cavabını az vaxtdan sonra dəqiqləşdirəcək.
Bütün bunlar yekunlaşandan sonra mətbuata geniş şəkildə açıqlama verəcəyik. İndiki halda seçki ilə bağlı nəsə demək düzgün olmazdı.
- Rəhbərlik etdiyiniz partiya parlament seçkilərinə tək qatılacaq, yoxsa hansısa partiyaya, ya da bloka birləşəcəksiniz?
- Biz parlament seçkilərinə hər zaman tək qatılmışıq və heç bir bloka birləşməmişik. Lakin Yeni Azərbaycan Partiyası (YAP) ilə müəyyən məsləhətləşmələr və danışıqlar aparılıb. YAP-ın real şansı və seçilmək imkanı olan namizədlərə dəstək olmaq üçün həmin dairədən namizəd irəli sürməyəcəyik, əksinə imkanlarımız daxilində onlara kömək edəcəyik. Bu haqda seçkiyə az qalmış daha dəqiq fikir deyəcəyik. Hansı dairədə bizim partiyanın namizədi yoxdursa, YAP-ın namizədinə səs verəcəyik. Bu, indiyə kimi belə olub. Ümidvaram ki, bu seçkidə də ənənə davam edəcək.
- Bəzi müxalifət partiyaları proporsional seçki sisteminin bərpasına ümid edirlər. Sizcə bu az müddətdə bu sistem bərpa oluna bilərmi?
- Yox. Mən fikirləşirəm ki, bu, mümkün deyil. Bilirsiniz ki, bunun üçün ilk növbədə konstitusiya dəyişikliyi olmalıdır. Seçkiyə az qalıb. 4 ay müddətinə yəqin ki, bu dəyişikliyi aparmaq gözlənilmir. Ancaq mən də proporsional və mojaritar sistemin keçirilməsinin tərəfdarıyam. Bu sistemlərin hər birinin özünəməxsus üstünlükləri var.
– Parlamentin indiki tərkibindən razısınız? Etiraf edək ki, elə deputatlar var ki, 5 il ərzində bircə dəfə də ağızların açmayıblar. Seçicilərin problemlərini dilə gətirməyiblər...
- Xalq bizə etimad göstərirsə, onların etimadını doğrultmağa çalışmalıyıq. Xalqın etimadını doğrultmaq millət vəkillərinin qarşısında duran başlıca vəzifəsidir. Bəzi deputatların bu etimadı nə dərəcədə doğruldub-doğrultmamasını isə bilmirəm, çünki belə təhlil aparmamışam. Qoy belə deputatlar yenidən namizədliyini irəli sürmək üçün götür-qoy etsin. Bu baxımdan seçmək səlahiyyəti seçiciyə aid olduğundan kimə səs vermək üçün götür-qoy etməlidir. Mən seçicilərin səlahiyyətlərinə bu və ya digər şəkildə müdaxilə etməkdən uzağam. Əsas odur ki, mənim deputat kimi fəaliyyətimdən millətimiz razı olsun. Mən sadəcə olaraq çalışmışam ki, seçicilərimin etimadını qazanım, dövlətimizə gücüm yetənə kimi kömək edim. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq. Ümidvaram ki, seçicilərimizim etimadını doğrultmuşam. Hər bir deputat kimi təbii ki, mənə də müraciətlər olur. Seçildiyim dairədən insanlar sosial problemlərinin həllini xahiş edir, digər dairələrdən də fərdi müraciət edənlər az deyil. Çalışmışam ki, onlara da yardımçı olum. Hamı bilir ki, gücüm çatan səviyyədə insanlara dəstək olmuşam.
- Müsavat Partiyası tək halda, Xalq Cəbhəsi Partiyası isə Milli Şura ilə birlikdə parlament seçkilərinə gedir...Sizcə bu formul hansısa uğur gətirə bilərmi?
- Onlar nə vaxtdan ana müxalifət olub? Mən partiya sədri olaraq, belə bölgünün tərəfdarı deyiləm. Mənim məsləhətim budur. Milli Şura seçkiyə kimlə getsə də son söz seçicinindir.
- Milli Şura seçkiyə getməsi ilə bağlı şərt irəli sürüb. Onların qərarına görə əgər ölkədə seçki mühiti formalaşarsa və komissiyaların tərkibi dəyişdirilərsə, Milli Şura seçkidə iştirak edəcək...
- Bu şərtlərin dəyişilməsi kiminsə arzusu və istəyi ilə həyata keçmir. Bunun üçün qəbul olunmuş normada prinsip, Seçki Məcəlləsi var. Seçki Məcəlləsinə uyğun olaraq, məntəqə, dairə və mərkəzi seçki komissiyaları yaradılıb. Seçki məcəlləsinə uyğun olaraq, seçki qurumları formalaşacaq. Hansı partiya, hansı blokun seçkiyə gedib-getməməsi onların qərarından asılıdır. Partiyaların belə bir qərar qəbul etməsi onların hüququdur. Ancaq bəri başdan tam məsuliyyətlə deyərdim ki, bu radikal müxalifətin ana qanadı Milli Şura və Xalq Cəbhəsi Partiyası Azərbaycan xalqı içərisində heç nüfuza malik deyil. Onların sosial dayaqları yoxdur. Bu cür məğlubiyyətlərdən xilas olmaq, xaricdən maliyyə yardımları almaq üçün buna bənzər bəyanatlarla hər zaman çıxış edirlər. Lakin görünən budur ki, həmin partiyaların sosial dayaqları yox dərəcəsindədir, gücləri sıfıra bərabərdir. Və bunun da səbəbi var. Xalq bu gün dövlətə, xalqa böyük uğurlar gətirən ölkə prezidenti İlham Əliyevin yanındadır və onun siyasətini müdafiə edir. Müəyyən kəsim, haradasa 15 % yəni, indiki hakimiyyəti qəbul etməyən narazı insanlar var. Bu da təbiidir. Hər bir demokratik cəmiyyətlərdə olduğu kimi bizdə də olması normaldır. Bu insanların da diqqətini özünə cəlb etmək, onların səsini qazanmaq üçün isə müxalifət partiyalarının qurmuş olduğu taktikadan və fəaliyyətindən çox şey asılıdır. Hansı partiya hansı namizədlə həmin kəsimin müəyyən dərəcədə baxışlarını ifadə edirsə, onlar həmin müxalif insanlar tərəfindən səs qazanır və onlar da müəyyən dərəcədə mandata sahib olurlar, lakin bu gün bütövlükdə görünən budur ki, Azərbaycan xalqı daha çox konstruktiv mövqedə dayanan müxalifətə üstünlük verirlər. Çünki Azərbaycan bu gün 90-cı ildəki cəmiyyət deyil. Xalq inkişaf edib, düşüncəsi dəyişib, baxışlar sistemində böyük nəticə var. Bu gün Azərbaycan xalqı bütövlükdə - istər müxalifət, istərsə də ölkə prezidentini dəstəkləyən cəmiyyət nəticə etibarı ilə Azərbaycan dövlətinin güclənməsi arzusundadır. Nələrinsə baş verməməsinin, inkişafın bundan sonra da sürətlə aparılmasının tərəfindədir. Əlbəttə çatışmazlıqları, cəmiyyətdə özünü göstərən mənfiliklərin aradan qaldırılmasını da arzu edən bir düşüncədədir. Ona görə də bu düşüncədə hesablaşan şübhəsiz ki, qarsıdan gələn parlament seçkilərində daha çox üstünlük qazanacaqlar və qalib gəlmək şansları onlarda çox yüksək olacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyası 1990-ci illərdəki baxışlar sistemini dəyişə bilmədi. Azərbaycan xalqı inkişaf etdikcə onların düşüncə səviyyəsi, hadisələrə münasibət sistemi dəyişdi. Partiyaların isə baxışlar sistemində, fəaliyyətlərində, taktikalarında heç bir dəyişiklik yaranmadı. Bəziləri hakimiyyətə qarşı müxalifət mövqeyində dayandı, Milli Şura adlı qurum yaratdı və prezident seçkilərində dövlətə qarşı çıxdı. Əslində, Milli Şura indi tək Cəmil Həsənlidən ibarətdir. Bundan başqa orada kimisə görmürəm. Cəmil Həsənli də Azərbaycan Xalq Cəbhəsi funksionerlərindən biri olub, bu gün də o, həmin səlahiyyəti daşıyır. Onlar düşüncə tərzlərini dəyişmədilər. Buna görə də Azərbaycan xalqı onları qəbul etmir. Onlardan fərqli olaraq, bu gün parlamentdə təmsil olunan müxalifət partiyaları öz baxışlarında dəyişikliklər etdi. Ümumiyyətlə, hər bir partiya Azərbaycan xalqının arzu və istəklərinə, ortaya qoyduğu prinsiplərinə xidmət etməlidir. Partiya hakimiyyətdə olsa da, olmasa da, məqsədi Azərbaycan dövlətinin güclənməsinə yardım etməkdir. Kim bunu edirsə, xalq da ona etimad göstərir, parlament səviyyəsində öz töhfələrini verir. Kimsə hakimiyyətə gəlmək üçün ermənidən daha kəskin şəkildə Azərbaycan dövlətinə müxalifət mövqeyini yeridirsə, xalq onu qəbul etmir və bundan sonra da qəbul etməyəcək. Azərbaycan xalqı kimin daha çox vətənpərvər olduğunu, kimin daha çox xidmət etdiyinin fərqindədir. Demaqoqiya, inkarçılıq xalq tərəfindən rədd edilir. Milli Şura və Xalq Cəbhəsi Partiyasının çağırışlarına baxmayaraq, onların mitinqinə 1000-1500 nəfərdən çox adam gəlmir. Bu, əslində onların iflasının göstəricisidir. Əsas məqam isə onların iflasa uğradıqca daha da radikallaşması və Azərbaycan dövlətinin əleyhinə daha kəskin notlarla çıxış etməsidir.
Bu isə onları daha ağır faciələrə aparacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az