Ulduz səfir “Bakı 2015” haqda yazdı: “Dağı dağ üstə qoya bilərik”

23 İyun 2015 15:32 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən həmin düşüncələri sizə təqdim edir:

"Avropa Oyunlarının açılış günü yaşadığım hisləri ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Qürur, sevinc, təəccüb - hislərim qarışıq idi, ancaq üç saat ərzində bu sadaladıqlarımın hamısını yaşadığımı yaxşı xatırlayıram. Biz bunu bacarmışdıq. Biz tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək qədər nüfuzlu, bütün Avropaya qucaq açacaq qədər qonaqpərvər, gözlərimiz dünya işığından məhrum olsa belə dünyaya işıq salacaq qədər güclü olduğumuzu göstərmişdik. Özü də bizi bu işıqdan məhrum edənlərin qarşısında... Həmin gün mənim sevinc göz yaşlarımı heç kim görmədi, amma mən kövrəlmişdim və bilirəm ki, bu hissi çoxları yaşadı.

Həmin gün bir daha əmin oldum ki, biz əl-ələ verəndə dağı dağ üstə qoya bilərik. Dünənə qədər bu yarışları gözü götürməyən, hətta şəxsi həyatındakı uğursuzluqları belə Avropa Oyunları ilə əlaqələndirən insanlara isə sözüm yoxdur. Sözüm Azərbaycanda keçirilən yarışları zəif bilib onları işıqlandırmaqdan vaz keçən beynəlxalq səviyyəli idman kanallarınadır: Sizə ayıb olsun!

Açılış mərasiminə şou kimi yanaşanlar da oldu, bu şoudan öz mesajlarını alanlar da. Ledi Qaqa kimi dünya şöhrətli bir müğənninin çıxışı isə hamı üçün bir sürpriz oldu. Həm oxuduğu mahnı, həm də obrazı dünya mediasında maraqla qarşılandı. Bir sözlə, biz həmin gün möcüzəyə qonaq olduq. Bağlanış mərasiminə bilet alanlar isə başqa bir hekayənin qəhrəmanları olacaqlar.

Təəssüratlarımı yazdığım müddətdə Azərbaycan yarışlarda 14 medal qazandı. İdman arenasında tamaşaçıların sevinci yerə-göyə sığmır. Mən velosiped idmanı üzrə ulduz səfir olsam da, bütün idman növlərində yarışan idmançılarımıza dəstək olmuşam. Onların qələbəsi hamımızın uğurudur!

Siz də bu yarışların bir hissəsi ola bilərsiniz. Yerli və ya əcnəbi idmançıların yarışmasından asılı olmayaraq, gəlin və onlara dəstək olun!".